DÜNYA
1 dəqiqə oxuma
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
Fələstin müqavimət hərəkatı bəyan edib ki, Qəzzanın idarəçiliyi tamamilə Milli Komitəyə keçənə qədər atəşkəs sazişinin bütün şərtlərinə ciddi şəkildə əməl edəcək
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir'' / TRT World

HƏMAS İsrailin Qəzza zolağında "inzibati boşluq" yaratmağa çalışdığını bildirib.

Fələstin müqavimət hərəkatı bəyan edib ki, Qəzzanın idarəçiliyi tamamilə Milli Komitəyə keçənə qədər atəşkəs sazişinin bütün şərtlərinə ciddi şəkildə əməl edəcək. HƏMAS-ın məlumatına görə, fövqəladə komitənin ləğvi və sədr müavini Məhəmməd Əbdülxaliq əl-Ferranın istefası idarəçiliyin rəsmi olaraq milli komitəyə verilməsi üçün atılan hüquqi addımlardır. Qəzzadakı media ofisi də bu addımın inzibati keçidi asanlaşdırmaq məqsədilə atıldığını təsdiqləyib.

Buna baxmayaraq, HƏMAS rəsmi Təl-Əvivi sazişin icrasına mane olmaqda, fələstinlilərin ağrı-acılarını dərinləşdirməkdə ittiham edib. Qrup vasitəçi və qarant ölkələri İsrailə təzyiq göstərməyə, Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitənin bölgədə fəaliyyətə başlamasına şərait yaratmağa çağırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qəzzadakı münaqişəyə son qoymaq məqsədilə 20 maddəlik plan elan etmişdi. İsrail əsirlərinin azad edilməsi, İsrail ordusunun bölgədən qismən çıxarılması, texnokratik hökumətin qurulması, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutan planın birinci mərhələsi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. HƏMAS bildirir ki, özü birinci mərhələdəki öhdəliklərini yerinə yetirsə də, İsrail öhdəliklərinə əməl etməyib və hücumlarını davam etdirib.

Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 73 mindən çox insan həyatını itirib, 173 mindən çox şəxs isə yaralanıb.