Türkiyə dövlət təhlükəsizlik orqanlarının verdiyi məlumata görə, ölkənin şərq bölgələrində DEAŞ terror təşkilatına qarşı ayrı-ayrılıqda aparılan əməliyyatlar zamanı 85 şübhəli saxlanılıb.
Bildirilir ki, cənub-şərqdə yerləşən Şanlıurfa vilayətində sosial şəbəkələrdə DEAŞ-ı tərifləyən paylaşımlar etdikləri müəyyən edilən 8 şübhəli saxlalınıb. Əməliyyat terror təşkilatı ilə əlaqəli təbliğat materiallarının aşkar edilməsindən sonra Respublika Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.
Şərqi Anadoluda yerləşən Ağrı vilayətində isə DEAŞ fəaliyyətlərinə qarşı eyni vaxtda keçirilən əməliyyatlarda 10 şübhəli saxlanılaraq həbs edilib. Ünvanlarda aparılan axtarışlar zamanı qadağan olunmuş nəşrlər və rəqəmsal materiallar ələ keçirilib.
Günün davam edən saatlarında isə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən DEAŞ-a qarşı aparılan başqa bir istintaq çərçivəsində saxlanılan 147 şübhəlidən 67-nin həbs edildiyi bildirilib. Həbs olunanlar arasında Yalovadakı təşkilat üzvləri ilə əlaqəsi müəyyən edilən 41 nəfərin də olduğu qeyd edilib.
Eyni istintaq çərçivəsində 32 şübhəli isə Türkiyə üçün təhlükə yaratdıqları əsas gətirilərək ölkədən çıxarılmaq məqsədilə geri göndərmə mərkəzinə təhvil verilib.
Səlahiyyətli qurumlar qanunsuz dərslər təşkil etməklə təşkilata üzv cəlb etməkdə şübhəli bilinən bir təşkilatçının müəyyən edildiyini, həmçinin Yalovadakı hücum, təbliğat fəaliyyəti və ya döyüş bölgələri ilə əlaqəli çoxsaylı şübhəlinin aşkarlandığını açıqlayıb.
Bu çərçivədə 2025-ci il dekabrın 30-da İstanbul və daha iki vilayətdə ümumilikdə 114 ünvana eyni vaxtda keçirilən basqınlar zamanı 110 şübhəli saxlanılıb.
Bildirilib ki, istintaqlar 29 dekabrda Yalovada üç polis əməkdaşının həlak olduğu hücumdan sonra DEAŞ-ın üzv cəlbetmə, təbliğat və təşkilati fəaliyyətlərinin qarşısının alınmasına yönəlib.
Təhlükəsizlik qüvvələri Yalova hücumundan sonra keçirilən əməliyyatlarda təxminən altı DEAŞ üzvünün zərərsizləşdirildiyini də açıqlayıb.
















