Portuqaliya NATO-nun baş katibi Mark Ruttenin Rusiya təhlükəsi ilə bağlı səsləndirdiyi fikirlərə kəskin reaksiya verib. Rəsmi Lissabon coğrafi məsafəyə baxmayaraq Ukraynaya göstərilən dəstəyin və mövcud təhdidlərin görməzdən gəlinməsinin yolverilməz olduğunu bildirib.
Portuqaliya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi "X" səhifəsində bəyanat yayıb.
Bəyanatda bu ifadələrə yer verilib: "NATO-nun baş katibi Mark Rutte Ukraynanın yanında qətiyyətlə dayanan və Rusiyanın yaratdığı təhlükəni tam dərk edən ölkələri, eləcə də hökumətləri nəzərdən qaçırmamalıdır".
Sənəddə Portuqaliyan hökumətinin və xalqının tarixin hansı tərəfində dayandığı ilə bağlı heç vaxt tərəddüd etmədiyi qeyd olunub. "NATO baş katibinin belə ciddi bir məsələdə bu qədər rahat bəyanatlar verməsi təəssüf doğurur’’,-deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Mark Rutte jurnalistlərə açıqlamasında Rusiya təhlükəsinin bəzi müttəfiqlər tərəfindən uzaq qəbul edildiyini deyib. O, İspaniya və Portuqaliyadakı həmkarlarına məsələnin yalnız Polşa ilə bağlı olmadığını xatırlatdığını bildirib: "Rusiyanın ən yeni raketlərinin Lissabona çatması Varşavaya çatmasından cəmi beş dəqiqə çox vaxt aparır".























