Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi səfəri ərəfəsində Türkiyə-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunun açılışı olub.
Forumun açılışında çıxış edən Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəyə edəcəyi səfərə diqqət çəkib. Nazir bildirib ki, bu səfərin əsas məqsədi ikitərəfli münasibətləri daha yüksək tərəfdaşlıq səviyyəsinə qaldırmaq və mövcud əlaqələri daha dərin strateji münasibətlərə yüksəltməkdir.
Türkiyənin 200-dən çox şirkətlə forumda təmsil olunmasını yüksək qiymətləndirən nazir bu göstəricinin iqtisadi əlaqələrdə özəl sektorun nə qədər əhəmiyyətli olduğunu sübut etdiyini qeyd edib.
Forumda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat isə iki ölkə arasındakı iqtisadi göstəricilərə toxunub. O, hazırda 8,6 milyard dolları keçən ticarət dövriyyəsinin qısa müddətdə 10 milyard dollara çatacağını proqnozlaşdırdıqlarını bildirib.
"Ümid edirəm ki, 2026-cı ildə 10 milyard dollarlıq hədəfimizə çatacağıq. Liderlərimiz tərəfindən müəyyən edilən uzunmüddətli hədəf isə 30 milyard dollardır", - deyə nazir qeyd edib.
Ömər Bolat həmçinin vurğulayıb ki, Prezident Ərdoğanın səfəri çərçivəsində nazirliklər və biznes təşkilatları arasında çoxsaylı yeni razılaşmalar imzalanacaq. Bu sazişlərin iki ölkə arasındakı iqtisadi əlaqələri gücləndirəcəyi və münasibətləri daha yüksək səviyyəyə qaldıracağı gözlənilir.













