ABŞ Prezidenti Hörmüz boğazını açmaq məqsədilə “Azadlıq Layihəsi”nə start verərkən, BƏƏ-dəki neft limanında baş verən yanğın qisas təhdidlərinə səbəb olub. İran dəniz nəzarətini BƏƏ-nin sahil xəttinin böyük hissəsini də əhatə edəcək şəkildə genişləndirib.
Hörmüz boğazındakı gərginlik son 24 saat ərzində artıb və ABŞ ilə İran arasında onsuz da kövrək olan atəşkəsə şübhə ilə yanaşılmasına səbəb olub. Aprelin əvvəlində əldə olunmuş razılaşma indiyədək tammiqyaslı toqquşmanın qarşısını alsa da, son zamanlar baş verən hücumlar, qisas tədbirləri və kəskin bəyanatlar atəşkəsin faktiki olaraq nələrə imkan verdiyini nümayiş etdirir.
Son 24 saat ərzində həm Tehran, həm də Vaşinqton bir-birini boğazdakı hərbi fəaliyyətləri artırmaqda ittiham edib.
Hücumlar və mübahisəli iddialarla dolu 24 saatlıq gərginlik
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 4-də atəşkəs qüvvəyə mindikdən bəri ilk dəfə Füceyrədəki böyük bir neft obyektinə hücumların təşkil edildiyini bildirib. İranın pilotsuz uçuş aparatları və raketləri BƏƏ-yə məxsus bir tankeri də hədəf alarkən, mühüm su yolu olan Hörmüz boğazında baş verən partlayış və yanğından sonra Cənubi Koreyaya məxsus bir yük gəmisinin zədələndiyi xəbər verilib.
Füceyrə boğazdan kənarda yerləşir və bu, Əmirliyi Yaxın Şərqin boğazdan keçmək məcburiyyətində olmayan nefti üçün azsaylı ixrac marşrutlarından birinə çevirir.
BƏƏ Xarici İşlər Nazirliyi: “Bu hücumlar təhlükəli bir gərginlik və qəbuledilməz pozuntulardır”, -deyərək ölkəsinin “cavab vermək hüququnu” saxladığını əlavə edib.
Digər tərəfdən, İranın “Mehr” xəbər agentliyi bu gün (5may 2026) İranın cənubundakı Dayyer limanında çox sayda kommersiya gəmisində yanğın baş verdiyini və yanğınsöndürmə briqadalarının yanğını nəzarətə almaq üçün cəhd göstərdiyini bildirib. “Hadisənin səbəbi hələlik məlum deyil və yanğınsöndürmə əməliyyatları tam başa çatdıqdan sonra açıqlanacaq”, -deyə agentlik əlavə edib.
İran hücumların ABŞ-nin hərəkətlərinə cavab olduğunu deyir
İranlı yüksək rütbəli hərbi rəsmi yeni hücumların olduğunu təkzib etməyib, lakin dövlət televiziyasında Tehranın “sözügedən neft obyektlərinə hücum etmək üçün əvvəlcədən planlaşdırılmış bir proqramı olmadığını” söyləyib.
Rəsmi şəxs deyib: “Baş verənlər gəmilərin Hörmüz boğazından qanunsuz keçə bilməsi üçün ABŞ ordusunun yol açmaq cəhdindən irəli gələn macərasının nəticəsidir. ABŞ ordusu bunun hesabını verməlidir”.
Tramp mayın 3-də bitərəf ölkələrin gəmilərini Körfəzdən çıxarmaq məqsədilə “Azadlıq Layihəsi” adlandırdığı planı elan etmiş və bunun çarəsiz qalan heyətə kömək etmək üçün humanitar bir səy olduğunu bildirmişdi.
İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf mayın 4-də sosial mediada paylaşdığı mətndə ABŞ və müttəfiqlərinin dörd həftəlik atəşkəsi pozmasının dəniz nəqliyyatı və enerji axınının təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə qarşıdurmaların “siyasi böhrana hərbi həll yolu ola bilməyəcəyini” göstərdiyini qeyd edərək, Pakistanın vasitəçilik səylərinə diqqət çəkib. Əraqçı deyib: “ABŞ bədxah şəxslər tərəfindən yenidən çıxılmaz vəziyyətə salınmaqdan imtina etməlidir. BƏƏ də həmçinin. ‘Azadlıq Layihəsi’ bir ‘Çıxılmaz Yol Layihəsi’dir”.
ABŞ-nin cavabı
ABŞ ordusu vəziyyətə mayın 3-də güc tətbiq etməklə cavab verib və İrana məxsus olan, kommersiya və hərbi gəmiləri təhdid etdiyi iddia edilən altı sürətli qayığı məhv etdiyini açıqlayıb. Lakin Tehran hər hansı bir hərbi gəminin vurulmadığını irəli sürərək, Vaşinqtonu qayıqlarda olan beş mülki şəxsi öldürməkdə ittiham edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə idarəolunan raket esmineslərinin Hörmüzdən keçdiyini və “Azadlıq Layihəsi”nin ilk addımı kimi ABŞ bayrağı altında üzən iki ticarət gəmisinin bölgədən ayrıldığını bəyan edib.
Lakin İran İnqilab Keşikçiləri Korpusu bu iddianı təkzib edərək: “Son bir neçə saat ərzində Hörmüz boğazından heç bir ticarət gəmisi və ya neft tankeri keçməyib”, -deyə bildirib.
Tramp: “Hörmüzə ziyan dəyməyib”
ABŞ prezidenti Donald Tramp ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasından sonra gərginliyi yumşaldaraq, İranın “bəzi atəşlər açdığını”, lakin Cənubi Koreya gəmisi istisna olmaqla, hər hansı bir ziyana səbəb olmadığını söyləyib. Tramp "Truth Social" platformasında: “Cənubi Koreya gəmisini çıxmaqla, hazırda boğazdan keçən gəmilərdə heç bir zərər yoxdur”-deyə bildirib.
Boz zonada atəşkəs
Ekspertlərin fikrincə, hazırda baş verənlər açıq müharibəyə qayıdış deyil, “boz zonada” bir münaqişədir.
Məhdud raket hücumları ilə yanaşı, dron və sürətli qayıqlardan istifadə edilməsi hər iki tərəfə tam hərbi cavabda öz gücünü göstərməyə imkan verir.
Dənizdəki maneələr, mina döşəmək təhdidləri və iqtisadi təzyiqlər hərbi və kommersiya təzyiqi arasındakı xətti bulandırır.
Ekspertlər bunu hər iki tərəfin atəşkəsin birbaşa süqutunun qarşısını alarkən təmkinli olmağın limitlərini sınadığı bir “sərhəd testi” kimi xarakterizə edirlər.
Vaşinqton ilə Tehran arasındakı diplomatiya atəşkəsin elanından bəri çıxılmaz vəziyyətə düşüb, ABŞ yüksək rəsmi şəxslərin Pakistandakı görüşlərdə iştirak planlarını iki dəfə ləğv edib. Tehran isə Hörmüz boğazı üzərindəki nəzarətini təslim etməyəcəyini bildirib.
İran boğaz üzərində faktiki səlahiyyətə malik olduğunu iddia edərək, gəmilərin öz ordusu ilə koordinasiyalı hərəkət etməsi barədə xəbərdarlıq edir. İran İnqilab Keşikçiləri isə mövqeyini möhkəmləndirmək üçün yeni bir xəritə yayımlayıb.
Həmin bölgə qərbdə İranın Keşm adasının ən ucqar nöqtəsi ilə BƏƏ-nin Umm əl-Quveyn Əmirliyi arasındakı xətdən başlayır. Şərqdə isə bölgə İranın Mübarək dağı ilə BƏƏ-nin Füceyrə Əmirliyi arasındakı xətdə başa çatır.
Digər tərəfdən, ABŞ dəniz yolunda ticarət gəmilərini müşayiət etmək üçün dəniz əməliyyatları təşkil edərək gəmiçilik azadlığında israr edir.
Gərginliyin azaldılmasına dair artan çağırışlar
Böyük Britaniya, Fransa, Almaniya və Səudiyyə Ərəbistanı BƏƏ-yə qarşı hücumların baş verməsindən sonra Yaxın Şərqdə gərginliyin azaldılması çağırışını ediblər.
Britaniyanın Baş naziri “gərginliyin sona çatmalı olduğunu” deyərkən, Almaniya Kansleri Fridrix Merts “X” hesabında: “Tehran danışıqlar masasına qayıtmalı, bölgəni və dünyanı girov götürməyi dayandırmalıdır”, -deyə yazıb.
ABŞ-nin mühüm müttəfiqi olan və enerji infrastrukturu İran tərəfindən vurulan Səudiyyə Ərəbistanı da gərginliyin azaldılması çağırışlarına qoşularaq, “siyasi həllə nail olmaq üçün diplomatik səylərin göstərilməsini” istəyib.
Danışıqların vəziyyəti
Yaxın Şərqdəki müharibə minlərlə insanın həyatına son qoyub və qlobal iqtisadiyyatı alt-üst edib. ABŞ və İran rəsmiləri Pakistanın paytaxtı İslamabadda bir raund üz-üzə sülh danışıqları keçirsələr də, növbəti görüşlərin təşkili uğursuzluqla nəticələnib.
Tramp ABŞ-İsrail hücumlarının İranın nüvə və ballistik raket proqramlarını, Hizbullaha verdiyi dəstəyi və “təhdid xarakterli fəaliyyətlərini” əsas gətirərək, İrandan gələn “yaxın təhlükələri” aradan qaldırmağı hədəflədiyini söyləyib.
İran dövlət mediası bazar günü ABŞ-ın İran tərəfindən təqdim edilən 14 maddəlik təklifə Pakistan vasitəsilə cavab verdiyini və İranın bu cavabı nəzərdən keçirdiyini bildirib. Tərəflər təfərrüatları açıqlamayıblar.
İranın təklifi nüvə enerjisi və tədqiqat proqramları ilə bağlı müzakirələri müharibəni dayandırmaq və dəniz nəqliyyatı sahəsindəki münaqişəni həll etmək barədə razılaşma əldə olunana qədər təxirə salmağı nəzərdə tutur. Tramp həftəsonu verdiyi açıqlamada təklifi hələ də araşdırdığını, lakin böyük ehtimalla rədd edəcəyini deyib.
Rəsmilər “Reuters” agentliyinə bildiriblər ki, ABŞ kəşfiyyatının son məlumatlarına görə, müharibənin başladığı 28 fevraldan bəri İranın nüvə proqramına məhdud dərəcədə zərər dəyib.
Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarını məhv edərək, Tehranın bu urandan nüvə silahı hazırlaya biləcək səviyyədə emal gücünə malik olmadığından əmin olmaq istəyir. İran isə nüvə bombası hazırlamaq niyyətində olmadığını bəyan edir.
Mənbə: “TRT World” və Agentliklər











