Cənubi Koreya ordusu Pxenyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində növbəti dəfə çox sayda ballistik raketlərdən atəş açdığını bəyan edib. Hadisə Şimali Koreyanın hipersəs raket təlimindən cəmi bir həftə sonra qeydə alınıb.
"Yonhap" xəbər agentliyinin Cənubi Koreya Birgə Qərargah Rəislərinə istinadən verdiyi məlumata görə, raket buraxılışları Pxenyan ərazisindən yerli vaxtla saat 09:20-də başlayıb. Raketlərin 900 kilometrdən çox məsafə qət etdiyi bildirilir.
Cənubi Koreya Silahlı Qüvvələri ehtimal olunan yeni raket sınaqlarına qarşı müşahidə fəaliyyətlərini artırdığını, ABŞ və Yaponiya ilə kəşfiyyat məlumatlarını paylaşaraq yüksək döyüş hazırlığı vəziyyətinə keçdiyini açıqlayıb.
Yaponiya tərəfi isə ölkənin eksklüziv iqtisadi zonasından kənara düşdüyü ehtimal edilən iki ballistik raket aşkar edildiyini bildirib.






















