DÜNYA
1 dəqiqə oxuma
Fridrix Merts: "Rusiya sülh danışıqlarına hazır deyil"
Almaniya kansleri Fridrix Merts Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta ilə Berlində keçirilən birgə mətbuat konfransında Ukraynadakı münaqişə və ölkəsinin daxili siyasəti ilə bağlı vacib bəyanatlar verib.

Ukraynadakı diplomatik səylərə toxunan kansler Rusiya rəhbərliyinin sülhə maraqlı olmadığını bildirib: "Hazırda Rusiya hökuməti və onun prezidentinin müharibəyə son qoymaq üçün ciddi danışıqlara hazır olduqlarına dair heç bir əlamət görmürük. Diplomatik kanalları açıq saxlayırıq, lakin Rusiya dialoqa yanaşmadığı müddətcə bunun baş tutma ehtimalı aşağıdır".

F.Merts həmçinin Ukraynaya verilən hərbi və siyasi dəstəyin müharibəni uzatmağa deyil, əksinə, onu daha tez bitirməyə xidmət etdiyini qeyd edib.

Kansler Saksoniya-Anhalt əyalətindəki seçkilərdə qələbə qazanan "Almaniya üçün Alternativ" (AfD) partiyasının qadağan edilməsi müzakirələrinə də münasibət bildirib. O, belə bir addımın effektivliyinə şübhə ilə yanaşaraq deyib: "Düşünmürəm ki, bu partiyanın qadağan edilməsi problemi həll etməyəcək. AfD-yə qarşı əsas prioritetimiz siyasi mübarizə olmalıdır".

Fridrix Merts vurğulayıb ki, Almaniyanın Avropa İttifaqı, avrozona və Şengen zonasından çıxmasını istəyən qüvvələr ölkənin rifahını təhlükəyə atır.

Aİ Şurasının sədri Antonio Kosta da öz növbəsində Ukraynada ədalətli və davamlı sülhün tərəfdarı olduqlarını diqqətə çatdırıb. Müharibənin uzanmasında birbaşa Moskvanı təqsirləndirən Kosta deyib: "Müharibənin bitməməsinin yeganə səbəbi Rusiyanın buna hazır olmamasıdır".

O, Rusiyanı atəşkəsə və danışıqlar masasına gətirməyə yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyəcəklərini bəyan edib.