TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə İran müharibəsi mövzusunda vasitəçi Pakistan ilə mümkün görüşü gündəmə gətirib
Hakan Fidan regional görüş planlarında edilən dəyişikliklərlə bağlı məlumat verib. Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının iştirak edəcəyi müzakirələrin bu həftə sonu Pakistanda keçirilməsi gözlənir
Türkiyə İran müharibəsi mövzusunda vasitəçi Pakistan ilə mümkün görüşü gündəmə gətirib
Hakan Fidan / Reuters
10 saat əvvəl

Rəsmi Ankara Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə arasında Yaxın Şərqdəki müharibə ilə bağlı görüşlərin bu həftə sonu Pakistanda keçirilə biləcəyi barədə açıqlama verib.

Xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalına verdiyi müsahibədə deyib: “Bizim əslində planlı bir toplantımız vardı, bunu ilk əvvəl Türkiyədə keçirməyi düşünürdük... Lakin pakistanlı qardaşımız ölkəsində qalmaq məcburiyyətində olduğundan görüşü Pakistanda keçirməyi planlaşdırdıq. Bəlkə həftə sonu orada bir araya gələcəyik”.

Xarici işlər nazirinin sözlərinə görə, danışıqlar ümumilikdə dörd müsəlman ölkənin xarici işlər nazirlərini bir araya gətirəcək.

Martın 27-də daha erkən saatlarda Almaniya xarici işlər naziri Yohan Vadeful mənbəsini açıqlamadan Pakistanda ABŞ ilə İran arasında birbaşa görüşün “çox yaxında” baş tutacağını gözlədiyini bildirib.

Rəsmi Tehran Vaşinqtonla rəsmi danışıqlar apardığını qəbul etməsə də, İranın “Tasnim” xəbər agentliyinin sitat gətirdiyi anonim mənbəyə görə, İran müharibəni dayandırmağa yönəlmiş ABŞ Prezidenti Donald Trampın 15 maddəlik planı ilə bağlı cavabını İslamabad vasitəsilə çatdırıb.

Digər tərəfdən, Trampın xüsusi elçisi Stiv Vitkoff martın 27-də verdiyi açıqlamada İranın Yaxın Şərqdə bir aydır davam edən müharibəni bitirmək üçün “bu həftə” Vaşinqtonla danışıqlar aparacağına inandığını bildirib.

Vitkoff İranla danışıqlar barədə suala cavab olaraq Mayamidəki bir iş forumunda “Bu həftə görüşlərin olacağını düşünürük, qətiyyən ümidimiz var” şəklində danışıb.

Yüksək rütbəli bir İran rəsmisi martın 27-də verdiyi açıqlamada ABŞ-nin İrana qarşı hücumlarının və eyni zamanda danışıqlar çağırışının "qəbulolunmaz" olduğunu qeyd edərək, Tehranın sənaye və nüvə infrastrukturuna yönəlmiş hücumlar səbəbindən ABŞ-nin təklifinə cavab verib-verməyəcəyinə hələ qərar vermədiyini bildirib.

Rəsmi şəxs İranın ABŞ-nin təkliflərinə cavabının ilkin olaraq27-28 mart tarixlərində verilməsinin gözlənildiyini də sözlərinə əlavə edib.