İsrail işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib.
Bu barədə Fələstinin Qanunsuz Yaşayış Məntəqələri ilə Mübarizə Komitəsi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Tel-Əviv administrasiyası Qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil və Beytləhm şəhərləri yaxınlığındakı kəndləri ‘‘dövlət mülkiyyəti" elan edib.
Sənəddə vurğulanır ki, rəsmi Tel-Əviv bu addımla qanunsuz yəhudi yaşayış məntəqələrini genişləndirməyi və onlara rəsmi status qazandırmağı hədəfləyir. Komitə İsrailin Fələstin torpaqlarını parçalamaq və ərazidə de-fakto ilhaq siyasətini davam etdirmək niyyətində olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də fələstinlilərə qarşı reydlər və hücumlar kəskin şəkildə artıb.


























