Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 10-da verdiyi açıqlamada Ukrayna ilə sülhün əldə olunması üçün qarşıda hələ uzun prosesin olduğunu qeyd edib.
Bu barədə RİA xəbər agentliyinin yaydığı məlumatda bildirilib.
Sergey Lavrov Trampın Ukrayna və Avropanı reallıqla barışmağa vadar etdiyini söyləyib, lakin bu addımın ümid üçün əsas yaratmadığını qeyd edib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko "İzvestiya" qəzetinə müsahibəsində bildirib ki, istənilən razılaşma Ukraynanın NATO üzvlüyünü istisna etməli və Ukraynada xarici qoşunların yerləşdirilməsini qadağan etməlidir.
ABŞ müharibəyə son qoymaq məqsədilə Rusiya və Ukrayna arasında müxtəlif plan layihələri üzrə danışıqlarda vasitəçilik etsə də, Trampın razılaşmanı yekunlaşdırmaq vədinə baxmayaraq hələlik heç bir konsensus əldə edilməyib.
Müzakirə olunan mövzular arasında Avropada İkinci Dünya Müharibəsindən bəri ən qanlı münaqişəyə necə son qoyulacağı, Ukraynanın gələcəyi, Avropa qüvvələrinin prosesdə hansı şəkildə iştirak edəcəyi və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən sülh müqaviləsinin davamlılığı məsələləri yer alır.








