İsrailin hərbi hücumu 10 oktyabrda qüvvəyə minən Qəzza atəşkəsinə baxmayaraq azalsa da, dayanmayıb.
Benyamin Netanyahu bu ayın sonunda prezident Donald Trampla görüşəcəyini bildirib ki, bu da ABŞ prezidentinin Qəzza planının ikinci mərhələsinin yaxınlaşdığını göstərir.
O, dekabrın 6-da Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib ki, görüşdə sülh üçün potensial imkanlar və Fələstin müqavimət qrupu “Həmas’’ın bölgədəki hakimiyyətinin sona çatması müzakirə olunacaq.
Trampın Fələstin ərazilərində iki illik müharibəyə son qoymaq planının növbəti mərhələləri üzrə danışıqlar davam edir.
Plana həmçinin İsrail girovlarının azad edilməsi və Qəzzada beynəlxalq "sülh şurası" tərəfindən nəzarət edilən və beynəlxalq təhlükəsizlik qüvvələri tərəfindən dəstəklənən müvəqqəti texnokratik Fələstin hökumətinin yaradılması daxildir.
Netanyahu oktyabrın sonlarında Qəzza əməliyyatının ikinci mərhələsinin necə həyata keçiriləcəyi ilə bağlı vacib danışıqlar aparacağını açıqlayıb. "İkinci mərhələnin icrasını təmin etmək üçün ayın sonunda vacib danışıqlar aparacağam", -deyə Netanyahu deyib.
O, həmçinin Trampın planının birinci mərhələsinin demək olar ki, tamamlandığını bildirib.
10 oktyabrda qüvvəyə minən Qəzza atəşkəsindən bəri İsrailin vəhşilikləri azalıb, lakin tamamilə dayandırılmayıb.
Atəşkəs başlayandan bəri “Həmas’’ təxminən 2000 fələstinli əsir və saxlanılan şəxs müqabilində 20 nəfərin hamısını və 27 cəsədi geri qaytarıb. Bir girovun cəsədi Qəzzada qalır.
“Həmas’’ daha əvvəl İsrail ordusunun işğala son qoyacağı təqdirdə Qəzzadakı silahlarını ərazini idarə edəcək Fələstin hakimiyyətinə təhvil verməyə hazır olduğunu bildirmişdi.









