TÜRKİYƏ
2 dəqiqə oxuma
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Cənub-şərq vilayətindən 18 minə yaxın gənc builki texnologiya yarışlarına müraciət edib
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı / Anadolu Agency

Türkiyənin aparıcı aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST ölkənin cənub-şərqində yerləşən Şırnak vilayətində dron yarışına start verib. Müsabiqə regiondan olan gənc texnologiya həvəskarlarını bir araya gətirir.

Bu il Şırnakdan 18 minə yaxın gənc yarışlara müraciət edib. Bununla da vilayət iştirak göstəricisinə görə ölkə üzrə ilk onluğa daxil olub.

TEKNOFEST bu il yarışlara 1,6 milyon şəxs və 730 min komandanın qeydiyyatdan keçməsi ilə yeni iştirakçı rekorduna imza atıb.

Komandalar ümumilikdə 54 istiqamət üzrə mübarizə aparırlar. Ümumi mükafat dəyəri isə 75 milyon türk lirəsini (1,5 milyon dollar) ötür. İştirakçılara ümumilikdə 2 milyon dollardan çox maliyyə dəstəyi təmin olunacaq.

Şırnakda texnologiya sıçrayışı

Tədbirdə TEKNOFEST İdarə Heyətinin və T3 Vəqfinin sədri Selçuk Bayraktar da iştirak edib. S.Bayraktar Şırnakın Türkiyənin pilotsuz uçuş aparatı (PUA) texnologiyalarının inkişafındakı rolunu vurğulayıb.

Selçuk Bayraktar Türkiyənin ilk pilotsuz uçuş aparatının ilkin işləmə prosedurunun 2006-cı ildə məhz bu vilayətdə aparıldığını bildirib. O, həmçinin Şırnakın son iyirmi ildə regionda terrorun başa çatmasından sonra texnoloji dirçəliş mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

"18 minə yaxın gəncimiz texnologiya yarışlarına müraciət etdi. Şırnak müraciət sayına görə ölkə üzrə ilk 10 vilayət arasında yer alır. Şəhər üzrə 22 yarımfinalçı komanda bir sonrakı mərhələyə vəsiqə qazanaraq əhalisinin sayına nisbətdə böyük uğur əldə edib", – deyə o qeyd edib.

Qeyd edək ki, yarışma TEKNOFEST-in cənub-şərq mərhələsinin ilk tədbiridir.

"TEKNOFEST Cənub-Şərq" regional tədbirlərlə davam edəcək və oktyabr ayının əvvəlində Şanlıurfada yekunlaşacaq.

Təşkilatçılar həmçinin bu ayın sonlarında Türkiyənin şimal-qərbində yerləşən Gölcük Gəmi Qayırma Zavodunda təkmilləşdirilmiş dəniz texnologiyalarının nümayiş olunacağı "TEKNOFEST Mavi Vətən" dəniz sahəsi üzrə tədbir keçirəcəklər.

MƏNBƏ:TRT