Aprelin 20-də Yaponiyada baş verən 7,4 bal gücündə zəlzələdən sonra ölkənin şimal və şimal-şərq sahillərində sunami dalğaları müşahidə olunub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yerli vaxtla saat 07:52-də qeydə alınan yeraltı təkanların episentri İvate prefekturasının Miyako şəhərindən təxminən 114 kilometr aralıda yerləşib.
Yaponiya hökuməti zəlzələnin gücünü 7,5 bal olaraq qiymətləndirib və Hokkaydo, Aomori, eləcə də İvate prefekturalarının Sakit okean sahilləri boyunca sunami təhlükəsi barədə xəbərdarlıq edib. Rəsmi bildirişdə sahilboyu və çay kənarındakı ərazilərdə yaşayan sakinlərin dərhal hündür və təhlükəsiz yerlərə təxliyə olunması tələb edilib. "Kyodo News" agentliyinin məlumatına görə, artıq İvate və Aomori sahillərində ilk dalğalar qeydə alınıb.
Rəsmilər sunami dalğalarının hündürlüyünün üç metrə qədər çata biləcəyi barədə xəbərdarlıq etsələr də, Aomori və Miyaqi prefekturalarındakı nüvə elektrik stansiyalarında hər hansı qeyri-adi halın qeydə alınmadığını bildiriblər. Zəlzələ səbəbindən paytaxt Tokio ilə Aomori prefekturası arasında yüksək sürətli qatarların hərəkəti müvəqqəti dayandırılıb. Baş nazir Sanae Takaiçi xalqa müraciət edərək təhlükəli zonadakı vətəndaşları ehtiyatlı olmağa və təxliyə qaydalarına əməl etməyə çağırıb. İlkin məlumatlara görə, zəlzələ nəticəsində ciddi dağıntı və itki qeydə alınmayıb.












