İspaniyanın mədəniyyət naziri Ernest Urtasun Avropa İttifaqı (Aİ) daxilində ABŞ Prezidenti Donald Trampa hər hansı müraciət ünvanlamağın "tamamilə faydasız" olduğunu bəyan edib.
"Channel 4" telekanalına müsahibə verən nazir bildirib ki, Aİ səviyyəsində Donald Trampın şəxsi maraqlarına və ya təkəbbürünə güvənməyin mənasızlığı ilə bağlı ümumi rəy formalaşmaqdadır.
Urtasunun sözlərinə görə, artıq diplomatik müraciətlər dövrü geridə qalıb və Avropa Trampı məmnun etmək naminə öz dəyərlərini və maraqlarını qurban verməyə razı ola bilməz.
Madridin Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarına niyə qarşı çıxdığına dair sualı cavablandıran nazir vurğulayıb ki, beynəlxalq hüquqa və çoxtərəfli münasibətlərə inanan demokratik ölkələr məhz bu məqamda qətiyyətli mövqe nümayiş etdirməli, "dayan" deməyi bacarmalıdırlar.
O, həmçinin İspaniyanın Vaşinqtondan gələn ticarət təhdidlərindən qorxmadığını və bu cür bəyanatları ciddiyə almağın "çox çətin" olduğunu qeyd edib.
Urtasun rəsmi Madridin əsas məqsədinin davam edən hərbi əməliyyatları dayandırmaq, gərginliyi azaltmaq və dialoq prosesini yenidən başlatmaq olduğunu bildirib.














