Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada ilə hazırda təxminən 3 milyard dollar olan ticarət dövriyyəsini əvvəlcə 5 milyard, daha sonra isə 10 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.
R.T. Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə keçirilən təkbətək görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib.
İki ölkə arasında yüksək səviyyəli səfərlərin davamlı olmasını arzuladığını bildirən Ərdoğan görüşdə ikitərəfli münasibətlərin ətraflı qiymətləndirildiyini, regional və qlobal məsələlərin də müzakirə olunduğunu diqqətə çatdırıb. O, bu səfərin ən konkret nəticələrindən birinin Türkiyə ilə Kanada arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması qərarı olduğunu vurğulayıb.
Ərdoğanın sözlərinə görə bu strateji tərəfdaşlıq çərçivəsində qarşıdakı dövrdə enerji, ticarət, nəqliyyat və müdafiə sənayesi sahələrində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə artıq konkret addımları əks etdirən fəaliyyət planı qəbul edilib. Ticarət və investisiyaları artırmaq üçün ilin sonunadək Azad Ticarət Sazişi üzrə danışıqlara başlanılacaq.
Ərdoğan Türkiyə və Kanadanın müdafiə sənayesi və nüvə enerjisi sahələrində sıx əlaqələrə malik olduğunu, hər iki ölkənin bu sahələrdə əməkdaşlığın vacibliyini dərk edən müttəfiqlər olduğunu vurğulayıb.
Görüş zamanı Qəzza, Ukrayna və Körfəz regionundakı proseslər də nəzərdən keçirilib. R.T. Ərdoğan diplomatik mexanizmlərin davamlı sülhə yol açacağına ümid etdiklərini və bu məsələdə həmrəy olduqlarını ifadə edib. O, Kanadanın bəzi müttəfiqləri ilə birlikdə qeyri-qanuni yaşayış məntəqələrinə sanksiya tətbiq etmək addımlarını İsrailin hüquq pozuntularının qarşısını almaq üçün doğru addım kimi qiymətləndirib.






















