Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefon əlaqəsi saxlayıb. Danışıqlar zamanı ikitərəfli münasibətlər və regionda artan hərbi gərginlik müzakirə edilib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, liderlər Türkiyə-İran əlaqələri ilə yanaşı, xüsusilə ABŞ və İran arasındakı son gərginlikdən irəli gələn təhlükəsizlik risklərini nəzərdən keçiriblər.
Prezident Ərdoğan söhbət zamanı vurğulayıb ki, Türkiyə gərginliyin azaldılması üçün İran ilə ABŞ arasında vasitəçilik rolunu üzərinə götürməyə hazırdır.
Bəyanatda həmçinin bildirilir ki, dövlət başçısı Ankarada İranın xarici işlər nazirini qəbul edəcəyini də Məsud Pezeşkianın diqqətinə çatdırıb.
İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 30-da verdiyi bəyanatda regional çətinliklərin öhdəsindən gəlmək üçün Türkiyə ilə İran arasında sıx koordinasiya və müntəzəm məsləhətləşmələrin zəruriliyini vurğulayıb.
İstanbula rəsmi səfəri zamanı İran dövlət televiziyasına müsahibə verən Abbas Əraqçi bildirib ki, bu səfər aylar əvvəl planlaşdırılıb. O, səfərin əsas məqsədinin ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmaq olduğunu bildirib.
Abbas Əraqçi iki ölkə arasındakı münasibətləri belə xarakterizə edib: "İran və Türkiyə hər zaman sıx məsləhətləşmələr aparan mühüm qonşulardır. Siyasi, iqtisadi, sosial və mədəni sahələrdə güclü əlaqələrimiz mövcuddur və biz regional məsələləri mütəmadi olaraq müzakirə edirik’’.
Məlumata görə, Abbas Əraqçinin xarici işlər naziri Hakan Fidanla danışıqlarından sonra gün ərzində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi də gözlənilir.

















