İsrail ordusu mayın 31-də (bu gün) Livanın cənubundakı Bofort silsiləsi və Vadi əl-Saluki bölgəsində “böyükmiqyaslı” hücuma keçdiyini bəyan edib. İsrailin ordusunun sözçüsü Ella Vavye "X" platformasında etdiyi açıqlamada işğalın bir neçə gün əvvəl quru qoşunları ilə başladığını bildirib.
E.Vavye bu addımın “terror infrastrukturunu məhv etmək və silahlıları zərərsizləşdirmək” məqsədi daşıdığını iddia edib. İsrail ordusunun Litani çayını keçdiyini və çayın şimalında "Hizbullah"a qarşı hücumlarını genişləndirdiyini iddia edən E.Vavye əməliyyatların digər bölgələrə də yayıldığını əlavə edib.
Sözçü E.Vavye İsrail qüvvələrinin "Hizbullah"ın Livanın cənubundakı əsas qalalarından biri kimi xarakterizə etdiyi Nəbatiyə şəhəri ətrafında əməliyyat apardığını deyib. O, həmçinin ordunun ehtiyac yarandığı təqdirdə hücumu genişləndirməyə hazır olduğunu qeyd edib.
Adı açıqlanmayan Livanın yüksək rütbəli hərbçisi mayın 30-da "Anadolu" agentliyinə bildirib ki, İsrail ordusu Litani çayının şimalındakı kəndlərə doğru irəliləyir. Mənbə ordunun Livanın cənubundakı Nəbatiyə şəhərinin kənarlarına çatdığını da vurğulayıb.
Qeyd edək ki, İsrail aprelin 17-də qüvvəyə minən və ABŞ-nin vasitəçiliyi ilə aparılan dolayı danışıqlardan sonra müddəti mayın 17-dən etibarən 45 günlük uzadılan atəşkəsə baxmayaraq, Livana qarşı hücumlarını davam etdirir.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri İsrailin hücumları ölkə ərazisində 3.370-dən çox insanın ölümünə səbəb olub.













