Qətər İnkişaf Fondu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 10 milyon dollar ianə edib.
Bu barədə agentliyin rəsmi “X” platformasında paylaşım edilib.
Paylaşımda bu ifadələrə yer verilib:
“Qətər İnkişaf Fonduna UNRWA-ya verdiyi töhfəyə görə təşəkkür edirik. Bu dəstək sayəsində fələstinli qaçqınlara təhsil və səhiyyə kimi əsas xidmətləri göstərməyə davam edə bilirik’’.
UNRWA eyni zamanda “ən çox ehtiyacı olanları dəstəkləmək” öhdəliyini bir daha vurğulayıb.
Agentlik hazırda İordaniya, Suriya, Livan, Qəzza, Şərqi Qüds və işğal olunmuş İordan çayının qərb sahilində fələstinli qaçqınlara sosial, təhsil və səhiyyə xidmətləri göstərir.
Qətərin maliyyə yardımı UNRWA-nın ciddi maliyyə böhranı yaşadığı bir dövrdə həyata keçirilib. Agentlik dəfələrlə mövcud maliyyə çatışmazlığının xüsusilə müharibə, aclıq və blokadanın hökm sürdüyü Qəzzada təxminən 2 milyon fələstinli üçün humanitar vəziyyəti daha da ağırlaşdıra biləcəyi barədə xəbərdarlıq edib.
Martın 2-dən etibarən İsrail Qəzzaya bütün keçidləri bağlayıb, ərzaq, dərman və humanitar yardımın bölgəyə daxil olmasına mane olur. Bölgəyə məhdud sayda yardımın daxil olmasına icazə verilsə də, bu yardım bölgə əhalisinin ehtiyaclarını ödəmək üçün kifayət etmir. Yardım almağa çalışan insanlar tez-tez İsrail qüvvələrinin təhdidləri ilə üzləşirlər.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bəyan edib ki, yardım daşıyan bir neçə yük maşını silahlı qruplar tərəfindən talan edilib. Qəzza rəsmiləri isə İsraili bu qrupları qorumaqda ittiham edirlər.
İsrailin hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 67 mindən çox fələstinli həlak olub.












