ABŞ, İngiltərə, Avstraliya və Kanada kimi mühüm tərəfdaşlarının Fələstin dövlətini tanımasını “nümayişkaranə xarakterli addım” kimi qiymətləndirib.
ABŞ Dövlət Departamentinin sözçüsü sentyabrın 22-də adının açıqlanmaması şərti ilə verdiyi açıqlamada deyib: “Diqqət mərkəzimiz nümayişkaranə jestlər yox, ciddi diplomatiyadır. Prioritetlərimiz isə aydındır: girovların azad olunması, İsrailin təhlükəsizliyi, bütün region üçün sülh və rifah.”
Bu açıqlama İngiltərə, Kanada, Avstraliya və Portuqaliyanın eyni gün Fələstini rəsmən tanıdıqları tarixi dəyişiklikdən dərhal sonra səsləndirilib. İngiltərə Baş naziri Kir Starmer bildirib: “Yaxın Şərqdə artan faciələr fonunda sülhü və iki dövlətli həll imkanını yaşatmaq üçün hərəkətə keçirik.” Kanada Baş naziri Mark Karni isə deyib: “Biz həm Fələstin dövləti, həm də İsrail dövləti üçün sülh dolu gələcəyin təminatı məqsədilə tərəfdaşlıq təklif edirik.”
Qeyd edək ki, BMT Baş Assambleyasının builki sessiyası çərçivəsində Fransa, Belçika, Lüksemburq, Malta, Andorra və San-Marino kimi ölkələrin də Fələstini tanıyacağı gözlənilir. Analitiklərə görə, bu proses İsraili, dolayısı ilə ABŞ-ı daha da təcrid edə bilər.
İsrailin reaksiyası
Məsələylə bağlı, İsrail Baş naziri qatil Benyamin Netanyahu ABŞ-da prezident Donald Tramp ilə görüşdən qayıtdıqdan sonra hökumətin mövqeyini açıqlayacağını bildirib. Ancaq B.Netanyahu bildirib ki, İordan çayının qərb sahilində heç bir Fələstin dövlətinin qurulmasına imkan verməyəcək.
Eyni zamanda ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrail hökumətinə işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək və Fələstin idarəsinin tamamilə məhv edilməsi çağırışı edib. O, sosial şəbəkə “X”da yazıb ki, hökumət iclasında İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı təklifini təqdim edəcək.
Xatırladaq ki, hazırda BMT üzvü ölkələrin təxminən dörddə üçü Fələstini tanıyır. İrlandiya, İspaniya və Norveç isə ötən il bu tanımanı rəsmiləşdirmişdi.














