SİYASƏT
2 dəqiqə oxuma
Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərir
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib
Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərir
Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərir

Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreya hərbçilərinin Rusiyadakı mövcudluğu ilə bağlı yeni bəyanatlarla çıxış edib. V.Zelenski Rusiyada yerləşdirilən Şimali Koreya hərbçilərinin sayının 50 minə çatdığını bildirib.

Ukrayna dövlət başçısı həmçinin Şimali Koreyanın müasir müharibə təcrübəsi qazanacağını qeyd edib. V.Zelenski Pxenyan rəhbərliyinin Rusiyadan hərbi texnologiyalar alacağını da bildirib.

Ukrayna dövlət başçısı V.Zelenski hava hücumundan müdafiə sistemlərinin əksikliyinə də diqqət çəkərək bu məsələdə Cənubi Koreyadan dəstək istəyib.

Ukrayna hərbi kəşfiyyat rəsmiləri Şimali Koreyaya aid bir raket birliyinin Rusiyanın qərbinə yerləşdirilməyə başlanıldığını xəbər veriblər. Məlumata görə, sözügedən birlik 120 balistik raket və 6 buraxılış qurğusu ilə təchiz edilə bilər.

Xatırladaq ki, bundan əvvəl Şimali Koreya tərəfindən Rusiyanın Kursk vilayətinə 14 minə yaxın hərbçi göndərildiyi bildirilib. Bu birliklərin minlərlə itki verdiyi qeyd olunub.

Bundan əlavə, Pxenyan rəhbərliyinin Rusiyaya milyonlarla döyüş sursatı, balistik raket və yaylım atəşli raket sistemləri tədarük etdiyi vurğulanıb.

 

PUA-lar qonşu ölkələrin ərazisinə düşüb

Məlumata əsasən, Ukraynaya aid olduğu ehtimal edilən bir pilotsuz uçuş aparatının (PUA) Bolqarıstanın hava məkanına daxil olduqdan sonra partlaması rəsmi Sofiyanı hərəkətə keçirib. Bolqarıstan hökuməti Ukraynanın Fövqəladə və Səlahiyyətli Səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Heç bir insan tələfatının yaşanmadığı hadisə ilə bağlı hər iki ölkə rəsmilərinin təmasda olduğu açıqlanıb. Moldova Respublikasının Krokmaz kəndi yaxınlığında da bir hərbi PUA-ya aid qalıqlar tapılıb.

 

Böyük Britaniyadan hava hücumundan müdafiə çağırışı

Böyük Britaniyanın Müdafiə naziri Ues Stritinq müttəfiq ölkələrə çağırış edib. Nazir qış mövsümü ərəfəsində Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılmasının vacibliyini vurğulayıb.

Papa Leo isə duadan əvvəl etdiyi çıxışında Ukrayna və Rusiyada dinc sakinlərin həyatını itirməsindən dərin təəssüf hissi keçirdiyini bildirib. O, tərəfləri mülki hədəflərə yönəlmiş hücumları dayandırmağa çağırıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, müharibədə indiyədək 16 mindən çox dinc sakin həlak olub.

MƏNBƏ:TRT