ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehrandan hökumət əleyhdarı etirazçılara qarşı repressiyalar çərçivəsində sürətli məhkəmələrin və edamların həyata keçiriləcəyi barədə siqnallar gəlməsinə baxmayaraq, etirazçıların və onların liderlərinin edam edilməsi planlarının dayandırıldığı ona “etibarlı mənbələr” vasitəsilə çatdırılıb.
D.Tramp yanvarın 14-də jurnalistlərə açıqlamasında deyib: “Bizə İranda ölümlərin dayandığı bildirildi. Edamlar və ya hər hansı infaz planı yoxdur; bu məlumat mənə etibarlı mənbələr tərəfindən verilib.”
D.Trampın səsləndirdiyi bu iddialar son günlərdə etiraz edən iranlılara “yardımın yolda olduğunu” deməsindən və administrasiyasının İran hökumətinə cavab vermək üçün “lazım olanı edəcəyini” bildirməsindən sonra gəlib. Bununla belə, D.Tramp ABŞ-nin Tehran hakimiyyətinə necə cavab verə biləcəyi barədə heç bir təfərrüat açıqlamayıb.
Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin daim ABŞ-ni “öz adından” müharibəyə cəlb etməyə çalışdığını deyib. A.Əraqçi yanvarın 14-də “X” platformasında paylaşım edərək “İsrail Kanal 14” kanalının diplomatik müxbiri Tamir Moraqın paylaşımına istinadla yazıb: “İsrail hər zaman ABŞ-ni öz adından döyüşməyə məcbur etməyin yollarını axtarıb. Ancaq diqqətçəkən məqam ondan ibarətdir ki, bu dəfə niyyətlərini açıq şəkildə ifadə edirlər.” A.Əraqçi həmçinin etirazçıları silahlandırmaqla öyündüyünü bildirdiyi İsraili “yüzlərlə ölümün” arxasında dayanmaqda ittiham edərək İran küçələrinin “qana boyandığını” söyləyib.
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin yüksək səviyyəli müşavirlərindən Əli Şəmxani də yanvarın 14-də D.Trampa xəbərdarlıq edərək bildirib ki, iyun ayında ABŞ-nin Qətərdəki əl-Udeyd Hərbi Hava Bazasına edilən hücum “İranın istənilən hücuma cavab vermək iradəsini və imkanlarını” sübut edib.
Qeyd edək ki, əzəli düşmənlər olan İran və İsrail ötən il 12 gün davam edən müharibə yaşayıb. Bu müddətdə İsrail və ABŞ İranın nüvə obyektlərinə bir sıra zərbələr endirib, İran isə buna İsrailə qarşı pilotsuz uçuş aparatları və raket hücumları ilə cavab verib.









