İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı fevralın 3-də yüksək aktivlik göstərib. Vulkan cəmi üç saat ərzində yeddi dəfə püskürüb.
Yerli medianın məlumatına görə, ilk püskürmə yerli vaxtla saat 04:58-də qeydə alınıb. Təxminən 138 saniyə davam edən seysmik aktivlik nəticəsində şimal-şərq istiqamətində qalın boz kül buludu yayılıb.
Saat 06:10-da baş verən püskürmələr zamanı kül buludunun hündürlüyü 300–700 metr arasında, saat 07:05-də qeydə alınan növbəti aktivlikdə isə kül 600 metrə qədər yüksəlib. Beşinci püskürmə zamanı kül buludu maksimum 800 metrə çatıb. Səlahiyyətli qurumlar ümumilikdə daha iki püskürmənin baş verdiyini açıqlayıblar.
Rəsmi qurumlar xəbərdarlıq ediblər ki, lava axınları və isti kül buludları vulkan zirvəsindən 17 kilometr məsafəyə qədər yayıla bilər. Əhaliyə Besuk Kobokan çayı ətrafından, çay sahilindən ən azı 500 metr uzaqda qalmaq tövsiyə olunub.
Qeyd edək ki, İndoneziya Sakit okeanın “Alov Həlqəsi” adlanan seysmik cəhətdən aktiv zonasında yerləşir. Ölkədə 120-dən çox aktiv vulkan mövcuddur və bu səbəbdən bölgədə tez-tez vulkan və zəlzələ təhlükələri yaranır.











