Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp sentyabrın 25-də Ağ Evdə keçirilən görüşdə müdafiə və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəliblər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, görüş zamanı “F-16” və “F-35” proqramları da daxil olmaqla, ABŞ istehsalı olan qırıcı təyyarələrin tədarükü, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
"Ərdoğana böyük hörmətim var. O, çox hörmətli bir şəxsiyyətdir’’ deyən Donald Tramp Türkiyənin Rusiyadan raket sistemləri almasına görə tətbiq edilən sanksiyaların tezliklə aradan qaldırıla biləcəyini qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində deyib:“Türkiyə-Amerika münasibətlərində yeni bir mərhələyə qədəm qoyuruq. İnanıram ki, birlikdə bölgədəki çətinliklərin öhdəsindən gələcəyik”.
NATO müttəfiqləri olan Türkiyə və ABŞ arasında müdafiə sənayesi məhsullarının tədarükü, regional münaqişələr və maliyyə sanksiyaları kimi məsələlərlə bağlı uzun müddətdir fikir ayrılıqları mövcuddur. Buna baxmayaraq, hər iki liderin görüş zamanı əməkdaşlığa önəm verməsi diqqət çəkib.













