DÜNYA
2 dəqiqə oxuma
Donald Tramp Nikolas Maduro ilə telefon əlaqəsi saxladığını təsdiqləyib
Donald Tramp görüşün məzmunu barədə məlumat verməkdən imtina edib
Donald Tramp Nikolas Maduro ilə telefon əlaqəsi saxladığını təsdiqləyib
Donald Tramp Nikolas Maduro ilə telefon əlaqəsi saxladığını təsdiqləyib / REUTERS
1 dekabr 2025

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə telefon əlaqəsi saxladığını təsdiqləsə də, görüşün məzmunu barədə məlumat verməkdən imtina edib.

D.Tramp jurnalistlərə açıqlamasında bu barədə şərh vermək istəmədiyini bildirib.“Telefon danışığının necə keçdiyinə dair məlumat verməyəcəyəm’’,-D.Tramp vurğulayıb.

‘‘The New York Times’’ qəzetinin noyabrın 28-də yaydığı məlumata görə, tərəflər telefon əlaqəsi saxlayıb və mümkün üzbəüz görüş mövzusunu müzakirə ediblər.

D.Tramp Venesuela ilə bağlı sərt mövqeyini bir daha vurğulayaraq deyib: “Biz Venesuelanı çox dost ölkə hesab etmirik. Onlar milyonlarla insanı qovublar və bu insanların çoxu ölkəmizdə olmamalıdır’’.

Son günlərdə Venesuela hava məkanı ilə bağlı verdiyi sərt açıqlamaların mümkün hava hücumu mənasına gəlib-gəlmədiyi barədə suala cavab verən D. Tramp deyib: “Bu açıqlamaya artıq məna yükləməyin”.

Bu açıqlama rəsmi Vaşinqton və Karakas arasında gərginliyin artdığı bir vaxtda səslənib. D.Tramp bir qədər əvvəl Venesuelanın hava məkanının “tamamilə bağlanacağını” elan etmişdi.

OPEC-in baş katibi Heytəm Əl-Qeysə və üzv dövlətlərə göndərilən məktubda prezident Nikolas Maduronun ölkəsinin təbii enerji ehtiyatlarını qorumaqda “qətiyyətli” olduğu vurğulanıb.

N.Maduro bu məktubu Trampın Venesuelanın hava məkanının “tamamilə bağlanacağını” elan etməsindən və Karakas administrasiyasının “qeyd-şərtsiz hörmət” tələb etməsindən sonra yayıb.

Venesuela lideri ABŞ-ın ölkənin neft ehtiyatlarını ələ keçirmək üçün “ hərbi gücdən” istifadə etməyə hazırlaşdığını iddia edərək bunun ölkənin ərazi bütövlüyü, xalqı və dövlət qurumları üçün təhlükə yaratdığını bildirib.

D.Tramp cümə axşamı ABŞ-ın Venesuelaya qarşı “çox tezliklə” quru əməliyyatına başlaya biləcəyini deyib. Bu açıqlama sentyabr ayından bəri dənizdə ən azı 83 nəfərin ölümünə səbəb olan 21 hərbi hücumdan sonra səslənib.