Rusiya və Ukrayna bir-birinin nəzarətində olan ərazilərə hücumlarını davam etdirir. Rəsmi açıqlamalara görə, sentyabrın 17-də (bu gün) gecə vaxtı Rusiyanın həyata keçirdiyi pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində Ukraynanın mərkəzində yerləşən Kirovoqrad vilayətinə bir sıra zərbələr endirilib. Nəticədə ərazidə elektrik kəsintiləri və dəmir yolu nəqliyyat vasitəsinin hərəkətində məhdudlar yaşanıb.
“Telegram” sosial şəbəkəsində paylaşım edən vilayət rəhbəri Andrey Raykoviç məsələylə bağlı açıqlamasında deyib: “Hazırda vilayət mərkəzi və Oleksandrivka bölgəsində yerləşən 44 yaşayış məntəqəsi qismən işıqsız qalıb”.
Onun sözlərinə görə, bəzi xüsusi mülklər də ziyan görüb, dəmir yolu hərəkəti pozulub. Fövqəladə hallar xidməti üç müxtəlif nöqtədə başlayan yanğınlara müdaxilə edildiyini, xoşbəxtlikdən insan tələfatının olmadığını açıqlayıb.
Dəmir yolu şəbəkəsi hədəf alındı
Ukrayna Baş nazirinin müavini Aleksey Kuleba bildirib ki, Rusiya qüvvələri gecə hücumunda dəmir yolu infrastrukturunu hədəf alıb, lakin o açıqlamasında hücumun dəqiq yeri barədə məlumat verməyib.
“Belə hücumların açıq məqsədi var: sərnişin və yük daşımalarını pozmaq, nəqliyyatın sabit fəaliyyətinə zərbə vurmaq və həm insanlara, həm də iqtisadiyyata əlavə təzyiq göstərməkdir”, – deyə nazir müavini vurğulayıb.
Digər tərəfdən, RİA xəbər agentliyi stansiya rəsmisinə istinadən bildirib ki, Ukraynanın hücumundan sonra Zaporojye Atom Elektrik Stansiyasının yanacaq anbarında baş verən yanğın söndürülüb.
Beynəlxalq Atom Enerjisi Agentliyi isə sentyabrın 16-da açıqlama yayaraq, stansiyada çalışan mütəxəssislərin obyektin yaxınlığında atəş səsləri eşitdiyini və üç müxtəlif nöqtədən qalxan tüstünü müşahidə etdiyini bildirib.












