Xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək görüşlərdə Almaniyanın xarici işlər naziri İohan Devid Vadepul (Johann David Wadephul), İngiltərənin xarici işlər naziri Ed Miliband, Fransanın xarici işlər naziri Jan-Noel Barro (Jean-Noel Barrot), Misirin xarici işlər naziri Bədr Əbdülati, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan iştirak edəcək.
Bu yeddi ölkə R4+E3 formatında ilk dəfə Türkiyənin təşəbbüsü ilə bir araya gələcək.
Görüşlərdə Fələstin məsələsi, Hörmüzdəki vəziyyət, Yəmənlə bağlı hadisələr və Rusiya-Ukrayna müharibəsinin həlli yollarının axtarışı başda olmaqla, regional mövzuların müzakirə edilməsi, R4 və E3 ölkələri arasında həyata keçirilə biləcək əməkdaşlıq və koordinasiya imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur.
Nazir Fidan regional məsuliyyətlərə diqqət çəkəcək
Nazir Hakan Fidanın görüşlərdəki çıxışlarında İsrailin Fələstində davam edən işğalının, beynəlxalq birliyin sülh səylərinə mane olan barışmaz mövqeyinin və bütün bölgəyə yayılan təcavüzkarlığının Yaxın Şərqdəki gərginliyin əsas səbəbi olduğunu bir daha vurğulayacağı gözlənilir.
Hakan Fidan ABŞ ilə İran arasındakı münaqişənin yalnız diplomatiya və dialoq yolu ilə həll edilə biləcəyini, hərbi üsulların qalıcı bir həll təklif etmədiyi kimi, bölgədəki həssaslıqları artırdığı və daha genişmiqyaslı qarşıdurma riskini də yaratdığını qeyd edəcək. Nazir Fidanın husilərin Səudiyyə Ərəbistanında mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumları qarşısında Türkiyənin Səudiyyə Ərəbistanının təhlükəsizliyinin qorunmasına yönəlmiş dəstəyini təsdiqləyərək, Məkkə Müdafiə Sazişinin ortaya qoyduğu həmrəylik və ortaq təhlükəsizlik anlayışının əhəmiyyətinə işarə edəcəyi gözlənilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada sabitliyin və rifahın gücləndirilməsi istiqamətində R4 və E3 ölkələrinin dəyərli töhfələr verdiyini bildirəcək və İsrailin Suriyanı qeyri-sabitləşdirmək məqsədi daşıyan fəaliyyətlərini davam etdirdiyinə diqqət çəkəcək. Ayrıca, Türkiyənin bir sahilyanı ölkə olaraq, Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasının qarşısının alınması və Qara dənizdə mülki insan tələfatına son qoyulmasını təmin etmək üçün xəbərdarlıqlarını və həll təkliflərini tərəflərə çatdırmağa davam etdiyini qeyd edəcək.
R4 və E3 mexanizmləri
R4 mexanizmi Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən regional sahiblənmə anlayışı əsasında qalıcı sabitliyi dəstəkləmək və regional məsələlərdə dialoqu gücləndirmək məqsədilə yaradılıb.
R4 xarici işlər nazirləri birincisi martın 18-də Ər-Riyadda olmaqla, bu günə qədər altı görüş keçiriblər. Bu formatda son görüş BMT Baş Assambleyasının Yüksəksəviyyəli Həftəsi çərçivəsində sentyabrın 21-də Nyu-Yorkda təşkil edilib.
Almaniya, İngiltərə və Fransadan ibarət E3 mexanizmi isə 2003-cü ildən bəri İranın nüvə proqramı ilə bağlı aparılan üçtərəfli diplomatik əməkdaşlıq çərçivəsində ortaya çıxsa da, zaman ərzində fərqli regional və beynəlxalq mövzularda ortaq diplomatik təşəbbüslər irəli sürən bir struktura çevrilmişdir.






















