ABŞ-də yerləşən "Pew Research" şirkətinin 8 fevral - 13 may tarixlərində hər qitədən 36 ölkədə keçirdiyi sorğuda 44 min 657 yetkin yaşlı iştirakçının İsraillə bağlı rəyi öyrənilib.
Sorğunun nəticəsində bu ölkələrdə İsrailə qarşı "mənfi" rəyə malik olduğunu deyən iştirakçıların nisbəti hesablanıb. Buna əsasən, sözügedən göstəricilər arasında orta hesabın 67 faiz olduğu müəyyən edilib.
Digər tərəfdən, İsrailə qarşı "müsbət" düşünənlərin nisbətində isə orta hesabın 25 faiz təşkil etdiyi görülüb.
Mənfi düşüncələrin ən çox Türkiyə, Banqladeş, İndoneziya, Malayziya, Pakistan kimi ölkələrlə yanaşı, İordan çayının qərb sahili və Şərqi Qüdsdə olduğu müəyyən edilib.
Türkiyədən olan iştirakçıların 91 faizi İsrail haqqında "çox mənfi", 5 faizi isə "bir qədər mənfi" rəy bildirib.
ABŞ, Kanada və Avropada İsrailə qarşı "mənfi" rəylər daha geniş yayılıb
Müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkələrdən kənarda da yüksək göstəricilər qeydə alınıb. İsrail barədə "mənfi" rəy bildirənlərin nisbəti ABŞ-də 60 faiz, Kanadada isə 65 faiz olaraq qeydiyyata alınıb.
Sorğuya daxil edilən Avropa ölkələrinin hamısında da mənfi rəylərin yüksək olduğu üzə çıxıb.
Həm İsveç, həm də İspaniyada iştirakçıların 78 faizi İsrailə qarşı "mənfi" rəyə malik olduğunu qeyd edərkən; İtaliya, Niderland, Almaniya, Böyük Britaniya və Fransada yetkin insanların yarıdan çoxunun bu ölkəni "mənfi" qiymətləndirdiyi məlum olub.
Yaponiyada iştirakçıların 83 faizi, Avstraliyada 79 faizi, Cənubi Koreyada isə 70 faizi İsrailə dair "mənfi" rəyini ifadə edib.
Digər tərəfdən, digər ölkələrdən kəskin şəkildə fərqlənən Hindistandakı iştirakçıların 32 faizinin İsrail haqqında "müsbət", 28 faizinin isə "mənfi" düşündüyü görülüb.
Trend göstəricilərinin mövcud olduğu 24 ölkədən 13-də 2025-ci ildən bəri İsrailə qarşı mənfi rəylərin artdığı təsbit edilərkən, mənfi rəylərin azaldığı yeganə ölkənin Yunanıstan olduğu müəyyən edilib.
Ölkələrin əksəriyyətində Netanyahuya etimad azdır
Sorğuda bu 36 ölkədəki iştirakçılardan İsrailin Baş naziri Benyamin Netanyahu barədə də rəyləri soruşulub.
Ölkələrin əksəriyyətində "Netanyahunun dünya məsələlərində doğru addım atacağına dair çox az etimad edən və ya ümumiyyətlə etimad göstərməyənlərin" çoxluq təşkil etdiyi müşahidə olunub.
Sorğuya əsasən, Keniya və Filippin iştirakçıların yarıdan çoxunun Netanyahuya etimad etdiyini bildirdiyi iki ölkə olub.














