Hindistanın cənubunda motosikletlə toqquşan sərnişin avtobusunun alovlanması nəticəsində təxminən 25 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.
Hindistan polisi bildirib ki, hadisə nəticəsində avtobus qısa müddətdə alova bürünüb və onlarla sərnişin içəridə qalıb. Polis rəsmisi Vikrant Patilin sözlərinə görə, yanğın oktyabrın 24-də (bu gün) səhər saatlarında Andhra Pradeş əyalətinin Kurnul bölgəsi yaxınlığında yerləşən avtomagistralda baş verib. Alov bir neçə dəqiqə ərzində sürətlə yayılıb və avtobus tamamilə yanıb.
V.Patil deyib ki, bəzi sərnişinlər avtobusun şüşələrini sındıraraq çölə çıxmağa müvəffəq olublar, lakin digərləri yardım gəlməmişdən öncə yanaraq həyatını itiriblər.
Polis əməkdaşı V.Patilin sözlərinə görə, motosiklet sürətlə hərəkət edən avtobusa arxadan çırpılıb. Hadisə nəticəsində yaranan qığılcımlar avtobusun yanacaq çənini alışdırıb.
“Duman yayılmağa başlayanda sürücü avtobusu saxlayıb və yanğınsöndürənlə alovu söndürməyə çalışıb, lakin alov o qədər güclü idi ki, nəzarət edə bilmədi”, – deyə V.Patil bildirib.
Onun sözlərinə görə, qəza anında sərnişinlərin əksəriyyəti yatmış vəziyyətdə olub. Avtobus tamamilə yanaraq yararsız hala düşüb və kimliyi hələ müəyyənləşməyən motosiklet sürücüsü də hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı məhkəmə tibbi ekspertiza tərəfindən araşdırma aparılır. Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib.
Xatırladaq ki, bu faciə Hindistanda iki həftə ərzində baş verən ikinci oxşar hadisədir. Belə ki, bu ayın əvvəlində ölkənin şimalındakı Racastan əyalətində bir sərnişin avtobusunda baş verən qısaqapanma nəticəsində yanğın çıxmış, nəqliyyat vasitəsi qısa müddətdə alova bürünmüş və təxminən 20 nəfər həyatını itirmişdi.









