Myanma ordusunun Rakhayn ştatına endirdiyi hava zərbələri nəticəsində 15 mülki şəxs həlak olub, 32 nəfər isə yaralanıb.
"İrrawaddy" xəbər platformasının yerli mənbələrə istinadən yaydığı məlumata görə, hərbi aviasiya istirahət günlərində ştatın dörd fərqli bölgəsini bombalayıb. Hücumlar zamanı doğum klinikasına, məktəbə və bir neçə yaşayış binasına ciddi ziyan dəyib. Regiondakı yardım işçiləri və insan hüquqları müşahidəçiləri mülki itkiləri təsdiqləyiblər.
Xatırladaq ki, Myanma ordusu 1 fevral 2021-ci ildə ölkədəki siyasi gərginliyi bəhanə edərək hakimiyyəti ələ keçirmiş, faktiki lider Aunq San Su Çi başda olmaqla bir çox dövlət rəsmisini həbs etmişdi. Çevrilişdən sonra başlayan silahlı toqquşmalar və etirazların qanlı şəkildə yatırılması 6 minə yaxın insanın ölümünə, 3 milyondan çox sakinin isə ev-eşiyindən didərgin düşməsinə səbəb olub.
Ölkədə 2025-ci ilin dekabrı və 2026-cı ilin yanvarında keçirilən seçkilərdə ordunun dəstəklədiyi Birlik və İnkişaf Naminə Həmrəylik Partiyası (USDP) parlamentin hər iki palatasında səs çoxluğu qazanaraq hökuməti formalaşdırıb. Aprelin 10-da isə parlamentin qərarı ilə hərbi xuntanın lideri Min Aunq Hlaynq prezident seçilib.





















