Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib ki, telefon danışığı zamanı Türkiyə-BƏƏ əlaqələri, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident R.T.Ərdoğan xüsusilə müdafiə sənayesi və iqtisadiyyat sahələrində əməkdaşlığın güclənəcəyini vurğulayıb.
Dövlət başçısı Türkiyənin İran və ABŞ arasında yaranmış gərginliyi, eləcə də regiondakı digər münaqişələri aradan qaldırmaq üçün diplomatik səylərini davam etdirdiyini diqqətə çatdırıb. R.T.Ərdoğan Türkiyənin sülhə yönəlmiş diplomatik təşəbbüslərinin davam edəcəyini, regiondakı qardaş ölkələrə qarşı hücumları heç vaxt qəbul etmədiklərini bildirib.
Rəsmi Ankara münaqişə başlayandan bəri ABŞ və İran arasında danışıqların yenidən başlaması üçün ciddi səylər göstərir.
Qeyd edək ki, may ayında Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, həmçinin BƏƏ, Qətər, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn və Pakistan liderləri arasında telekonfrans yolu ilə keçirilən görüşdə İran ətrafında baş verən proseslər müzakirə olunub. Türkiyə lideri ziddiyyətlərin dialoq yolu ilə həllinin vacibliyini vurğulayaraq, tərəflər arasında əldə olunacaq hər hansı razılaşmanın həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.
Daha sonra İran Prezidenti Məsud Pezeşkiyan ilə də görüşən R.T.Ərdoğan prosesin sülh yolu ilə həll olunması üçün rəsmi Ankaranın dəstək verməyə hazır olduğunu bəyan edib. İyun ayında ABŞ və İran arasında müvəqqəti razılaşmanın əldə olunmasını şərh edən Türkiyə Prezidenti bu addımı böhranın həllində mühüm mərhələ kimi qiymətləndirib və rəsmi Ankaranın hər zaman diplomatiyaya üstünlük verdiyini xatırladıb.






















