İsrail ordusu yanvarın 4-də (bu gün) üç fələstinlini öldürüb və Qəzza zolağının müxtəlif bölgələrinə bir sıra hava zərbələri endirib.
“Anadolu” agentliyinin yaydığı məlumata görə, Qəzzanın cənubunda yerləşən Rəfah şəhərinin şimal-qərbində İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) açdığı atəş nəticəsində bir fələstinli ölüb.
Digər bir tibbi mənbə isə İsrail ordusunun bir balıqçını öldürdüyünü bildirib.
Yerli mənbələrin məlumatına görə, yanvarın 4-də (bu gün) səhər tezdən İsrail hərbi-dəniz qüvvələri Qəzzanın cənubunda yerləşən Xan Yunis və Rəfah sahilləri istiqamətində atəş açıb.
Əldə edilən başqa bir məlumata görə isə Rəfahın şimal-qərb ətrafında daha bir fələstinli İsrail qüvvələri tərəfindən başından vurularaq ağır yaralanıb. Yaralının vəziyyətinin “kritik” olduğu bildirilir.
Yerli mənbələr qeyd ediblər ki, fələstinlinin yaralandığı ərazi atəşkəs razılaşması çərçivəsində İsrail ordusunun geri çəkilməli olduğu bölgələrdən biridir.
“Anadolu” agentliyindən əldə olunan məlumata görə, razılaşmaya əsasən İsrail ordusunun geri çəkildiyi Xan Yunis şəhərinin cənubunda yerləşən Cura əl-Lut bölgəsində isə 15 yaşlı bir uşaq İsrail əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirib.
Səhiyyə işçiləri və hadisə şahidləri “Anadolu” agentliyinə Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bələh sahilləri yaxınlığında İsrail donanmasının atəş açmasından sonra daha bir fələstinlinin yaralandığını bildiriblər.
İsrail döyüş təyyarələri həmçinin Rəfahın şimal və qərb hissələrində yerləşən müxtəlif ərazilərə bir sıra hava zərbələri endirib.
Bununla yanaşı, İsrail ordusu razılaşma çərçivəsində nəzarətində qalan ərazilərə artilleriya atəşi açıb və Xan Yunisin şərqində yaşayış binalarını dağıdıb.
İsrail döyüş təyyarələri Qəzzanın şimal bölgələrinə və Qəzza şəhərinin şərq hissəsinə də silsilə hava hücumları həyata keçirib.
Qəzzanın daxili ərazilərində isə İsrail hərbi texnikası “Bureyc” qaçqın düşərgəsinin şərq hissələrinə nizamsız atəş açıb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs razılaşmasının 10 oktyabr tarixində qüvvəyə minməsindən bəri İsrail ordusu yüzlərlə pozuntuya yol verib: 420 fələstinli öldürülüb, 1.184 nəfər yaralanıb.
Qeyd edək ki, əldə olunan atəşkəsin İsrailin iki ildir törətdiyi soyqırımı dayandıracağı gözlənilirdi. İsrailin Qəzza zolağına hücumundan bəri əksəriyyəti qadın və uşaqlar olmaqla təxminən 71 400 fələstinli həyatını itirib, 171.200-dən çox insan yaralanıb və Qəzza zolağı böyük ölçüdə dağıdılıb.










