Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın adaları silahlandırması ilə bağlı "Gözləntimiz Yunanıstanın regionda sülh və sabitliyə zərər verə biləcək bu cür fəaliyyətlərdən çəkinməsi və müqavilələrə əsaslanan öhdəliklərinə riayət etməsidir" açıqlamasını verib.
Milli Müdafiə Nazirliyinin (MMN) sözçüsü kontr-admiral Zəki Aktürkün həftəlik mətbuatı məlumatlandırma brifinqindən sonra Nazirlik tərəfindən mətbuat mənsublarının suallarına dair açıqlama verilib.
Şərqi Aralıq dənizindəki son proseslərlə bağlı suala cavab olaraq deyilib: "Regionumuzda böhran və gərginliklərin artdığı vaxtda Kıbrıs (Kipr) adasındakı hərbi proseslər tərəfimizdən yaxından izlənilir. Cənubi Kıbrıs Rum İdarəsinin davam edən silahlanma fəaliyyətləri ilə üçüncü ölkələrlə inkişaf etdirdiyi hərbi əməkdaşlıqların adadakı həssas tarazlıqlara və etimad mühitinə mənfi təsir göstərə biləcək xarakterdə olduğunu, bu cür addımların tərəflər arasında etimadın bərqərar olmasına və adadakı sülh və sabitliyə töhfə vermədiyini bir daha vurğulayırıq.
"Son olaraq gündəmə gələn Cənubi Kıbrıs Rum İdarəsinin hava hücumundan müdafiə sisteminin də Kıbrıs türk xalqı və Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) baxımından birbaşa təhdid yaratmadığı barədəki iddialar Kıbrıs türk xalqının təhlükəsizliyi ilə qanuni hüquq və mənafelərinin diqqətdən kənarda saxlanılmasına əsas ola bilməz.
"Nazirliyimiz də regiondakı hər cür prosesi yaxından izləyir, zəruri tədbirləri görür. Türk Silahlı Qüvvələrimiz də Aralıq dənizinin beynəlxalq sularında və hava məkanında icra etdiyi fəaliyyətlər və təlimlərlə işini fasiləsiz davam etdirir. Ölkəmiz zəmanətçi ölkə olaraq keçmişdə olduğu kimi bu gün və sabah da Kıbrıs türk xalqının təhlükəsizliyi, dincliyi və rifahının qorunmasına yönəlmiş zəruri tədbirləri ŞKTC hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində almağa davam edəcəkdir".
Yunanıstanın qeyri-hərbi statusdakı adaları silahlandırması
Yunanıstanın qəyri-hərbi statusdakı adaları silahlandırmasına dair suala cavab olaraq isə deyilib: "Şərqi Egey adalarının qeyri-hərbi statusu 1923-cü il Lozanna və 1947-ci il Paris Sülh müqavilələri ilə açıq şəkildə tənzimlənmişdir. Bu statusun əksinə həyata keçirilən silahlanma fəaliyyətləri ilə bunu qanuniləşdirməyə yönəlmiş bəyanatlar mövcud hüquqi vəziyyəti dəyişmir. Gözləntimiz Yunanıstanın regionda sülh və sabitliyə zərər verə biləcək bu cür fəaliyyətlərdən çəkinməsi və müqavilələrdən mənbələnən öhdəliklərinə riayət etməsidir. Türkiyə Egey dənizi və Şərqi Aralıq dənizində xoşməramlı qonşuluq və dialoqdan tərəf olan konstruktiv yanaşmasını davam etdirərkən, beynəlxalq hüquqdan mənbələnən hüquq və mənafelərini qorumağa və ölkəmizin təhlükəsizliyinə yönəlmiş zəruri tədbirləri qətiyyətlə almağa davam edəcəkdir".






















