İspaniya hökuməti İsraildəki səfiri Ana Salamonu rəsmən geri çağırıb. Xarici işlər naziri Xose Manuel Albaresin tövsiyəsi ilə Nazirlər Şurası tərəfindən təsdiqlənən bu qərar martın 11-də İspaniyanın rəsmi dövlət bülletenində dərc olunaraq qüvvəyə minib.
2021-ci ilin iyul ayından Madridi İsraildə təmsil edən Salamon iki ölkə arasında artan gərginlik fonunda hələ ötən ilin sentyabrında məsləhətləşmələr üçün geri çağırılmışdı. Tərəflər arasında diplomatik böhran İspaniyanın Baş naziri Pedro Sançezin Qəzzada “soyqırımının dayandırılması” çağırışından və rəsmi Madridin İsrailin irəli sürdüyü “böhtan” ittihamlarını kəskin şəkildə pisləməsindən sonra daha da dərinləşib.
İsrail hakimiyyəti İspaniyanın nazirləri Yolanda Diaz və Sira Regonun fələstinlilərə dəstək açıqlamalarına sərt reaksiya verib.
Səfirin geri çağırılması ilə İspaniyanın İsraildəki diplomatik missiyasına müvəqqəti işlər vəkili rəhbərlik edəcək.
Hazırda İsrailin də Madriddə səfiri yoxdur. 2024-cü ildə əvvəlki nümayəndənin gedişindən sonra bu ölkənin missiyasına da müvəqqəti işlər vəkili başçılıq edir.
İspaniyanın Fələstin dövlətini tanıması iki ölkə arasındakı diplomatik gərginliyi yüksək həddə çatdırıb.
Mövcud qaydalara görə, gələcəkdə Madridin təyin edəcəyi hər hansı yeni səfir vəzifəyə başlamazdan əvvəl İsrail hökumətinin rəsmi razılığını (aqreman) almalıdır.










