Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda Ukrayna üzrə təmas qrupunun (UDCG) iclasından sonra NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.
Məlumata görə, liderlər Dohadakı vəziyyəti müzakirə ediblər. Kir Starmer İsrailin son hücumunu pisləyərək, bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Ukrayna məsələsi ilə bağlı hər iki lider cəbhə xəttindəki vəziyyəti nəzərdən keçirib və Kiyevə lazım olan hərbi dəstəyin verilməsinin əhəmiyyətini qeyd ediblər.
Mark Rutte Starmerə həmin gün keçirilən Ukrayna üzrə təmas qrupunun iclasında aparılan danışıqlar barədə məlumat verib və müttəfiqlərin dəstəyin artırılması istiqamətində səylərini təsdiqləyib. Hər iki lider ABŞ-ın verdiyi töhfələrin koalisiya planına inteqrasiyasını alqışlayıb.
Görüş zamanı həmçinin Rusiya prezidenti Vladimir Putini mənalı sülh danışıqlarına cəlb etmək məqsədilə Moskvaya təzyiqlərin artırılması və sanksiyaların gücləndirilməsi barədə razılıq əldə olunub.
NATO-dan verilən açıqlamaya görə, Mark Rutte həmin gün Böyük Britaniyanın müdafiə naziri Con Haley, xarici işlər naziri İvet Kuper, Ukraynanın müdafiə naziri Denis Şmıqal və Almaniyanın müdafiə naziri Boris Pistorius ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Mark Rutte Böyük Britaniyanın müdafiə xərclərini artırmaq öhdəliyini və Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında Fransa ilə birgə aparıcı rolunu yüksək qiymətləndirib.