ABŞ-ın Aydaho ştatındakı "Mountain Home" hərbi hava bazasında təşkil edilən "Gunfighters" aviaşousunda gözlənilməz qəza baş verib. Nümayiş uçuşu zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki "E/A-18G Growler" tipli qırıcı təyyarə havada toqquşub. Qəzadan sonra verilən rəsmi açıqlamada hər iki təyyarədəki ümumilikdə dörd pilotun qəza anında katapult edərək sağ qaldığı və vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb və istintaq müddətində hərbi hava bazasına giriş-çıxış məhdudlaşdırılıb. Baş verən qəza və onun ardınca aparılan təhqiqat səbəbindən aviaşounun qalan bütün proqramları ləğv edilib.
Qeyd edək ki, bu tədbir son səkkiz ildə "Mountain Home" bazasında keçirilən ilk hava şousu idi.
"Idaho Statesman" qəzetinin məlumatına görə, sözügedən aviaşouda əvvəllər də ağır qəzalar qeydə alınıb. Belə ki, 2018-ci ildə paraşütçü pilot nümayiş zamanı qəzaya uğrayaraq həyatını itirib. 2003-cü ildə isə Hərbi Hava Qüvvələrinə məxsus "Thunderbird" qırıcısı qəzaya uğrasa da, pilot katapult edərək sağ qalıb.













