Türkiyə Respublikası Xarici İşlər Nazirliyi 1944-cü ildə baş vermiş Krım tatar sürgününün 82-ci ildönümü və 1864-cü ildəki Çərkəz sürgününün 162-ci ildönümü ilə bağlı mayın 18-də bəyanat yayıb. Sənəddə hər iki hadisə böyük insanlıq faciəsi kimi qiymətləndirilib. Açıqlamada yüz minlərlə Krım tatarının öz doğma vətənlərindən müxtəlif ölkələrdəki düşərgələrə məcburi şəkildə sürgün edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, onların bir çoxu ağır şərait ucbatından həyatını itirib.
Nazirlik Krımın yerli xalqı olan Krım tatarlarının uzun illər boyunca Krım yarımadasına geri qayıtmasının qarşısının alındığını bildirib.
Bundan başqa, Krım tatarlarının çəkdiyi əzabların “Yarımadanın qanunsuz ilhaqı”ndan sonra daha da ağırlaşdığı xüsusi vurğulanıb.
Bəyanatda deyilir: “Türkiyə Krım tatarlarının milli kimliyinin, dilinin və mədəniyyətinin qorunması, eləcə də onların təhlükəsizliyinin və rifahının təmin edilməsi istiqamətində dəstəyini davam etdirəcək.”
Nazirlik 1864-cü il Çərkəz sürgününə də toxunub. Bu hadisə Qafqaz xalqlarını son dərəcə ağır şəraitdə öz vətənlərini tərk etməyə məcbur qoyan, böyük əzablara və insan itkilərinə səbəb olan “böyük bir insanlıq faciəsi” kimi qiymətləndirilib.
Açıqlamanın yekununda: “Krım tatarlarının və Qafqazın qardaş xalqlarının dərdinə şərik olur, həyatını itirənləri hörmət və rəhmətlə anırıq”, — ifadələrinə yer verilib.



















