İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına açıqlamasında ölkəsinin hazırda ABŞ ilə birbaşa danışıqlar aparmadığını bildirib. A.Əraqçi bildirib ki, vasitəçilər tərəflər arasında razılığın əldə olunması üçün lazımi zəminin bərpası istiqamətində işlərini davam etdirirlər. Lakin prosesin rəsmən bərpası üçün Vaşinqton administrasiyası anlaşma memorandumunda yol verdiyi pozuntuları aradan qaldırmalı və üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Nazirin sözlərinə görə, bu pozuntular bitməyənədək danışıqların yenidən başlaması mümkün görünmür.
Hörmüz boğazı və bu çərçivədə Omanla aparılan müzakirələrə də toxunan İran XİN rəhbəri vurğulayıb ki, Maskat ilə razılığın əldə olunması boğazın dərhal açılacağı mənasına gəlmir. O, Hörmüz boğazının açılması üçün digər vacib şərtlərin də yerinə yetirilməli olduğunu və həmin tələblərin vasitəçilər vasitəsilə artıq ABŞ tərəfinə çatdırıldığını diqqətə çatdırıb.
















