DÜNYA
2 dəqiqə oxuma
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri İsraili mərhəmətli olmağa çağırıb
"İnsanların necə əziyyət çəkdiyini təsəvvür edə bilərsiniz. Yeməkdən silah kimi istifadə etmək həqiqətən yanlışdır. Tibbi ləvazimatlardan silah kimi istifadə etmək də həqiqətən yanlışdır," - deyə Tedros Adhanom Qebreyesus vurğulayıb
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri İsraili mərhəmətli olmağa çağırıb
23 may 2025

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri İsraili mərhəmət göstərməyə çağıraraq, sülhün İsrailin öz maraqlarına uyğun olacağını bildirib.

ÜST-nin illik toplantısında çıxış edən Tedros Adhanom Qebreyesus soyqırım müharibəsinin İsrailə zərər verdiyini və davamlı həllin yaranmasına imkan vermədiyini qeyd edib.

"Hazırda Qəzzadakı insanların hiss etdiklərini hiss edirəm. Yaşadıqları ağrı-acını hiss edirəm. Hətta onların səslərini də eşidirəm. Bunun səbəbi isə TSSB-dir (travmatik stress pozğunluğu). İnsanların necə əziyyət çəkdiyini təsəvvür etmək olar. Yeməkdən silah kimi istifadə etmək həqiqətən yanlışdır. Tibbi ləvazimatlardan silah kimi istifadə etmək də həqiqətən yanlışdır," - deyə Tedros Adhanom Qebreyesus vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatı cümə axşamı günü təxminən 90 TIR (yük maşını) yardımı Qəzzaya göndərib. Bu, İsrailin martın 2-də Qəzzanı tam mühasirəyə almasından sonra bölgəyə daxil olan ilk yardım karvanıdır.

Tedros Adhanom Qebreyesus yalnız siyasi həllin mənalı bir sülhün təmin olunmasına şərait yaradacağını bildirib. "Sülh çağırışı əslində İsrailin xeyrinədir. Mən hiss edirəm ki, müharibə İsrailə ziyan vurur və daimi həllin əldə olunmasına imkan verməyəcək", - deyə ÜST-nin rəhbəri vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə direktoru Maykl Rayan Qəzzada 2,1 milyon insanın ölüm təhlükəsi ilə üz-üzə olduğunu bildirib.

"Aclığa son qoymalı, bütün girovları azad etməli və səhiyyə sistemini bərpa etməliyik. Keçmiş girov kimi deyə bilərəm ki, bütün girovlar azad edilməlidir. Onların ailələri əziyyət çəkir", – deyə Maykl Rayan vurğulayıb.

ÜST Qəzzadakı fələstinlilərin qida, su, tibbi ləvazimat, yanacaq və sığınacaq çatışmazlığı ilə üzləşdiyini qeyd edib. Dörd böyük xəstəxana münaqişə və ya evakuasiya zonalarına yaxın olduqları üçün keçən həftə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

BMT-nin səhiyyə agentliyinin yaydığı bəyanatda bildirilir ki, Qəzzadakı 36 xəstəxanadan yalnız 19-u fəaliyyət göstərir. Qəzza zolağındakı xəstəxanaların ən azı 94 faizi ciddi zərər görüb.

Bildirilib ki, Fələstin ərazilərində cəmi 2000 xəstəxana çarpayısı mövcuddur və bu, cari ehtiyacları ödəmək üçün kifayət etmir.

İsrail ordusu 2023-cü ilin oktyabr ayından etibarən Qəzzada soyqırım törədir. Hücumlar zamanı əksəriyyəti qadın və uşaq olmaqla təxminən 64 min fələstinli həyatını itirib. İsrail beynəlxalq atəşkəs tələblərini rədd edib.

Ekspertlər ölənlərin sayının Qəzza rəsmilərinin bildirdiyindən çox olduğunu iddia edir və bu rəqəmin təxminən 200 min ola biləcəyini təxmin edirlər.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətdiklərinə görə həbs olunmasına order verib.

İsrail, həmçinin bölgəyə qarşı apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım ittihamı ilə üz-üzədir.

Araşdırma
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''
Beynəlxalq Miqrasiya Təşkilatı Sudanda artan təhlükəsizlik problemlərinə diqqət çəkib