SİYASƏT
2 dəqiqə oxuma
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
Kremlin bəyan edib ki, Qazaxıstan prezidentinin davam edən Rusiya-Ukrayna müharibəsini "dondurmaq" təklifi mümkünsüzdür
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. Görüş zamanı o, Ukrayna münaqişəsini "dondurmağa" və "mühüm nəticələrin əldə olunduğu" "İstanbul Formulu 2.0"a qayıtmağı məsləhət görüb. Lakin Kremlin Kiyev rəhbərliyinin mövqeyini nəzərə alaraq, bu təklifin mümkünsüz olduğunu bildirib.

İyulun 25-də Rusiyanın Omsk şəhərində V.Putinlə görüşən K.J.Tokayev Qazaxıstanın bu münaqişədə kənar tərəf olmadığını qeyd edib. Bununla belə, o, vasitəçi rolu da üzərinə götürməyəcəyini vurğulayıb. Qazaxıstan ölkə rəhbəri "böyük bir ölkə" olan Rusiyanın problemləri müstəqil şəkildə həll edəcəyinə inandığını ifadə edib.

K.J.Tokayev deyib: "Bəlkə də bu münaqişə dondurulmalı və "İstanbul Formulu 2.0"a qayıtmalıyıq. Çünki vaxtilə orada mühüm nəticələr əldə olunmuşdu. O zaman təbii ki, Rusiya da daxil olmaqla böyük dövlətlərin zəmanəti altında çoxdan gözlənilən sülhə doğru irəliləmək olar".

Prezident K.J.Tokayev münaqişə ilə bağlı Avropa və Amerika Birləşmiş Ştatlarından çoxlu siqnallar aldığını bildirib. O, mövcud vəziyyəti dövlətlərarası müharibə kimi qiymətləndirib.

Qazaxıstan rəhbəri həmçinin keçən ilin avqust ayında Alyaskanın Ankoric şəhərində keçirilən sammitə də toxunub. O, Rusiya dövlət başçısı ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan bu görüşdə V.Putinin "maksimal diplomatik çeviklik" nümayiş etdirdiyini yüksək qiymətləndirib.

K.J.Tokayev əlavə edərək deyib: "Bütün bunlara son qoyulmalıdır. Çünki baş verənlər, mənim qənaətimcə, həm Rusiyanın, həm də Ukrayna dövlətinin rəqiblərinin maraqlarına xidmət edir və onların ürəyincədir".

Kremlin isə Qazaxıstan prezidentinin davam edən Rusiya-Ukrayna müharibəsini "dondurmaq" təklifinin mümkünsüz olduğunu bəyan edib.

"TASS" Dövlət İnformasiya Agentliyi də daxil olmaqla, Rusiya kütləvi informasiya vasitələri Kremlin mətbuat katibi Dmitri Peskovun bu sözlərini sitat gətirib: "Müharibənin dondurulması öz-özlüyündə mümkün deyil".

D.Peskovun sözlərinə görə, Rusiyanın atəşkəslə bağlı şərtləri aydındır. Ukrayna "müvafiq qərarlar" qəbul edəcəyi təqdirdə müharibə günün sonunda bitə bilər. Moskva rəhbərliyi burada Ukrayna qoşunlarının Donbas bölgəsindən çıxarılmasını və Kiyev hakimiyyətinin NATO-ya üzv olmaq planlarından imtina etməsini nəzərdə tutur.

D.Peskov deyib: "Bizim üçün əsas şərt məqsədlərimizə çatmaqdır". O, həmçinin Rusiya dövət başçısı Vladimir Putinin rəsmi Mosvanın Ukraynada "xüsusi hərbi əməliyyat" adlandırdığı prosesin gedişatı barədə K.J.Tokayevə ətraflı məlumat verdiyini bildirib.

K.J.Tokayev "İstanbul formulu" ilə bağlı sözlərinə tam aydınlıq gətirməyib. Lakin Türkiyənin müharibənin ilk həftələrində Rusiya və Ukrayna arasında sülh danışıqlarına ev sahibliyi edərək mümkün saziş üçün çərçivə sənədi hazırladığını xatırlatdı.

Qeyd edək ki, 2025-ci ilin ortalarında (16 may, 2 iyun və 23 iyul tarixlərində) İstanbulda sülh danışıqlarının daha üç raundu keçirildi. Bu görüşlər böyük miqyaslı əsir mübadiləsi və hər iki tərəfin ehtimal olunan sülh sazişi üçün mövqeyini əks etdirən memorandum layihələrinin hazırlanması ilə nəticələndi.

MƏNBƏ:TRT Azerbaycan