TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyəyə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb
Qəza hadisəsi Balıkesirin şimal-qərbində baş verib
Türkiyəyə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb
Türkiyəyə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb / AA
15 saat əvvəl

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 tipli qırıcı təyyarə Balıkesirin şimal-qərbində qəzaya uğrayıb. Bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi verib. Məlumata əsasən, qəza nəticəsində qırıcı təyyarənin pilotu həlak olub.

Qurumun açıqlamasında qeyd olunub ki, yerli vaxtla saat 00:56-da 9-cu Aviabaza Komandanlığından havaya qalxan F-16 təyyarəsi ilə radio əlaqə kəsilib və radardan itib. Dərhal başlanan axtarış-xilasetmə işləri nəticəsində təyyarə qalıqlarının aşkar edildiyi bildirilib.

Nazirliyin açıqlamasında deyilir: “Pilotumuz həlak olub. Qəzanın səbəbi qəza araşdırma qrupunun aparacağı yoxlamalar nəticəsində müəyyənləşdiriləcək. Həlak olan hərbi qulluqçumuza Allahdan rəhmət diləyir, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz millətimizə başsağlığı veririk.”

Balıkesir valisi İsmayıl Ustaoğlu da pilotun ailəsinə başsağlığı diləklərini çatdırıb.

MƏNBƏ:TRT