Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kosovanın yeni Prezidenti Yustina Şiroka Pulanı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib. O, Pulaya fəaliyyətində uğurlar arzulayıb.
Kosova Prezident Administrasiyasından verilən yazılı açıqlamaya görə, Şiroka Pula vəzifəsinin icrasına başlaması münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğandan təbrik məktubu alıb.
Prezident Ərdoğan məktubunda Türkiyə xalqı və şəxsən öz adından Şiroka Pulaya ən səmimi təbriklərini çatdırıb. O, iki ölkə arasındakı çoxşaxəli əməkdaşlığın növbəti dövrdə də inkişaf etməyə davam edəcəyinə inandığını bildirib.
Ölkə başçısı R.T.Ərdoğan Şiroka Pulanın səlahiyyət müddəti ərzində iki ölkə arasındakı əməkdaşlığın regional sabitliyə və sülhə töhfəsinin artaraq davam edəcəyini vurğulayıb.
Məktubunun sonunda Şiroka Pulaya möhkəm cansağlığı və xoşbəxtlik arzulayan Prezident R.T.Ərdoğan dost və qardaş hesab etdiyi Kosova xalqına da əmin-amanlıq və firavanlıq diləyib.
Kosovanın 3-cü qadın prezidenti
Qeyd edək ki, Şiroka Pula 2008-ci ildə Serbiyadan birtərəfli qaydada müstəqilliyini elan edən Kosovanın 3-cü qadın prezidenti olub.
120 yerlik Kosova Məclisində oktyabrın 6-da keçirilən səsvermədə Kosova Elmlər və İncəsənət Akademiyasının (ASHAK) prezidenti, 73 yaşlı Yustina Şiroka Pula 81 deputatın dəstəyini alaraq ölkənin yeni prezidenti seçilmişdi.
Kosovanın əvvəlki Prezidenti Vyosa Osmaninin 5 illik səlahiyyət müddəti aprelin 4-də başa çatmışdı.
İqtisadiyyat sahəsində uzun illər akademik fəaliyyətlə məşğul olan Şiroka Pula 2008–2011-ci illərdə Kosovanın Energetika və Dağ-Mədən Sənayesi naziri, 2011–2014-cü illərdə isə deputat kimi fəaliyyət göstərib.
Şiroka Pula 2025-ci ilin dekabrında Kosova Elmlər və İncəsənət Akademiyasının (ASHAK) prezidenti seçilmişdi.


















