Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ABŞ-ın rəhbərlik etdiyi F-35 proqramına yenidən qoşulmasını tələb edərək, bu addımın Türkiyə–ABŞ münasibətlərini gücləndirəcəyini və NATO-nun təhlükəsizliyini artıracağını bildirib. “Bloomberg” agentliyinin suallarını yazılı cavablandıran Ərdoğan, 2025-ci ilin sentyabrında Ağ Evdə keçirilən görüşə istinad edərək, Türkiyənin təxminən on il əvvəl Rusiyadan hərbi texnika aldığına görə proqramdan çıxarılmasını “ədalətsiz qərar” adlandırıb və bu mövqeyini şəxsən Donald Trampa çatdırdığını qeyd edib. O, Trampın yenidən ABŞ prezidenti olmasının Ankara ilə Vaşinqton arasında daha konstruktiv münasibətlər üçün fürsət yaratdığını vurğulayıb.
‘‘F-35’’ məsələsinə toxunan dövlət başçısı Türkiyənin artıq ödənişini etdiyi təyyarələri almasının həm ikitərəfli əlaqələr, həm də NATO-nun müdafiə imkanları üçün zəruri olduğunu qeyd edib.
Prezident eyni zamanda ABŞ-dan ‘‘F-16 Block 70’’ təyyarələrinin alınması prosesində şərtlərin alyansın ruhuna uyğun olmasını gözlədiklərini bildirib. ABŞ-da “Halkbank”a qarşı açılmış cinayət işinə toxunan R.T.Ərdoğan iddiaları əsassız hesab etdiyini və prosesin ədalətli nəticələnəcəyinə ümid etdiyini deyib. Enerji sahəsində isə ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün artmasının Türkiyənin enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayan dövlət başçısı ölkəsinin milli maraqlara uyğun, ehtiyatlı və balanslı siyasət yürütdüyünü bildirib.
Rusiya–Ukrayna müharibəsinə də toxunan Ərdoğan, Türkiyənin hər iki liderlə birbaşa danışa bilən yeganə aktor olduğunu və tərəflər arasında əldə olunacaq istənilən atəşkəsin monitorinqinə dəstək verə biləcəyini qeyd edib.
İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstindəki addımlarını tənqid edən Ərdoğan, Qəzzada yaradılması planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin Türkiyəsiz legitimlik qazanmaqda çətinlik çəkəcəyini və Türkiyənin davamlı sülh üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyə hazır olduğunu vurğulayıb.














