Türkiyə Sahil Mühafizəsi Xidmətinin verdiyi məlumata görə, Krım yaxınlığında qeydə alınan hücumdan sonra Qara dənizdə Türkiyəyə məxsus balıqçı gəmisi batıb. Hadisə nəticəsində bir balıqçı həyatını itirib, dörd nəfər isə yaralanıb.
Sahil Mühafizəsi Xidməti tərəfindən iyunun 5-də verilən bəyanatda bildirilib ki, Türkiyə bayrağı altında üzən "DURU 67" balıqçı gəmisinin iyunun 4-də Sevastopol yaxınlığında hücuma məruz qalması barədə məlumat daxil olub. Hadisə səbəbindən gəminin daha sonra batdığı qeyd edilib.
Ərazidə olan "BURAK KAYA" adlı digər bir balıqçı gəmisi yaralı balıqçıları xilas etməyə və onları Türkiyənin Qara dəniz sahili istiqamətinə daşımağa başlayıb. Vəziyyətinin ağır olduğu bildirilən yaralı balıqçılardan biri aldığı xəsarətlərdən yolda dünyasını dəyişib.
Türkiyə Sahil Mühafizəsi Xidməti ölkənin şimalındakı İnebolu limanından hadisə yerinə bir gəmi, tibbi heyət və xilasetmə qrupları göndərib. Ölkə rəsmiləri Sahil Mühafizəsi gəmisinin limandan təxminən 115 dəniz mili uzaqlıqdakı balıqçı gəmisinə çatdığını və yaralıları tibbi yardım göstərilməsi üçün təxliyə etdiyini bildiriblər.
Yaralıların İneboluya gətirilərək burada səhiyyə qurumlarının rəsmilərinə təhvil verildiyi bildirilir.
Türkiyə Sahil Mühafizəsi Xidməti həlak olan balıqçının ailəsinə başsağlığı verib, yaralılara isə şəfa diləyib.
Bəyanatda sözügedən hücuma görə kimin məsuliyyət daşıdığı qeyd olunmayıb və məsələylə bağlı hələlik başqa bir təfərrüat paylaşılmayıb.



















