İDMAN
3 dəqiqə oxuma
U.Dembele “Ballon d’Or” (Qızıl top) qazanan ilk qaradərili müsəlman oldu
“Paris Saint-Germain” klubunun (PSG) cinah oyunçusu Usman Dembele Çempionlar Liqasındakı parlaq çıxışına görə “Qızıl top”a (Ballon d’Or) layiq görüldü
U.Dembele “Ballon d’Or” (Qızıl top) qazanan ilk qaradərili müsəlman oldu
Usman Dembele / AP
23 sentyabr 2025

Sentyabrın 22-də futbolun ən nüfuzlu fərdi mükafatı sayılan “Qızıl top”un (Ballon d’Or) yeni sahibi Usman Dembele oldu. İspaniyalı Aytana Bonmati isə qadınlar kateqoriyasında ardıcıl üçüncü dəfə bu mükafata layiq görüldü.

28 yaşlı U.Dembele “Barselona” klubunun gənc ulduzu Lamine Yamalı geridə qoyaraq, 2024-cü ildə bu mükafatı qazanan “Mançester Siti” və İspaniya millisinin yarımmüdafiəçisi Rodridən sonra “Qızıl top”a layiq görüldü. Bu mükafat uzun illər ərzində Lionel Messi və Kriştiano Ronaldonun hegemonluğunda olmuşdu.

Keçmiş “Borussiya Dortmund” və “Barselona” hücumçusu U.Dembele 2018-ci ildə dünya çempionu olan Fransa millisinin heyətində yer almışdı. O, PSG ilə həm liqa, həm də kubok çempionluğu qazandı, bütün turnirlərdə ümumilikdə 35 qol vurdu və Çempionlar Liqasının qalibi oldu.

Kilian Mbappenin “Real Madrid”ə transferindən sonra mərkəz hücumçusu mövqeyinə keçən U.Dembele PSG-nin Münhendə keçirilən finalda “İnter” üzərində 5:0 hesablı qələbəsi ilə tarixində ilk Avropa kubokunu qazanmasına öncülük etdi.

Mükafatı Parisin mərkəzində yerləşən “Theatre du Chatelet” səhnəsində qəbul edən U.Dembele duyğulu şəkildə çıxış edərək dedi: “Doğrudan da sözlərlə ifadə etmək çətindir. PSG ilə inanılmaz bir mövsüm keçirdik. Bu fərdi mükafatdır, amma əslində qalib gələn komandanın kollektiv uğurudur. Bu mükafat mənim karyeramda heç vaxt bir hədəf olmayıb, amma Çempionlar Liqasını qazanmaq üçün komanda adından çox çalışdım.”

Sonda isə o, ilin klub məşqçisi seçilən baş məşqçi Luis Enrikenin onun üçün “ata kimi” olduğunu bildirdi.

18 yaşlı L.Yamal isə 21 yaşadək ən yaxşı futbolçuya verilən “Kopa Trophy”ni ardıcıl ikinci dəfə qazandı. O, 2023-cü ildə “Barselona”da U.Dembele ilə komanda yoldaşı olduğu dövrdə diqqət mərkəzinə düşmüşdü.

U.Dembele mükafatı qəbul edərkən PSG-dəki komanda yoldaşları eyni vaxtda Marseldə keçirilən “Liqa 1” oyununda 0:1 hesabı ilə məğlub oldular. Sözügedən oyun Fransanın cənubundakı əlverişsiz hava şəraiti səbəbindən bazar günündən bazar ertəsinə təxirə salınmışdı.

 

A.Bonmati üçün ardıcıl üçlük

“Barselona” və İspaniya millisinin yarımmüdafiəçisi Aytana Bonmati qadınlar kateqoriyasında kubokun sahibi oldu. O, Avropa Çempionatının finalında İngiltərəyə penaltilərlə uduzan İspaniya millisində forma geyinən Mariona Kaldenteyi geridə qoydu.

27 yaşlı A.Bonmati ötən mövsüm qadınların Çempionlar Liqasının finalında M.Kaldenteyin komandası “Arsenal”a məğlub olmuşdu. Sətəlcəm keçirməsi səbəbindən Avropa Çempionatında ilk iki oyunda start heyətində yer almamasına baxmayaraq, turnirin ən yaxşı oyunçusu seçildi.

“Çox qürurluyam”, – deyə bildirən A.Bonmati fərdi uğurunda komanda yoldaşlarının rolunu vurğulayıb: “Düşünürəm ki, ardıcıl üçüncü dəfə buraya gəlməyimin səbəbi birlikdə oynadığım komanda yoldaşlarım və onların sayəsində əldə etdiyim uğurlardır.”

Avropa çempionu olan İngiltərə millisinin və “Arsenal”ın oyunçusu Alessia Russo isə üçüncü yeri tutdu.

A.Bonmatinin ardıcıl üç dəfə qələbəsi “Barselona” və İspaniya millisinin digər futbolçusu Aleksia Putelyasın seriyasından sonra gəldi.

Norveçli Ada Hegerberq və ABŞ-dan olan ulduz futbolçu Meqan Rapinoe 2018-ci ildə təsis edilən qadınların “Ballon d’Or”unu qazanan digər futbolçular arasında yer alırlar.

 

Digər qaliblər

Qeyd edək ki, “Ballon d’Or” mükafatı kişilər kateqoriyasında FIFA dünya reytinqindəki ən yaxşı 100 ölkədən, qadınlar üçün isə ən yaxşı 50 ölkədən bir jurnalistin səsi ilə müəyyənləşdirilir.

A.Bonmatinin “Barselona” və İspaniya millisindən komanda yoldaşı olan 19 yaşlı hücumçu Viki Lopes ən yaxşı gənc qadın futbolçu seçildi.

Ötən mövsüm PSG-nin uğurlu heyətində yer alan və sonradan “Mançester Siti”yə transfer olunan Canluici Donnarumma ən yaxşı qapçıya verilən “Yaşin mükafatı”nı qazandı.

Avropa çempionu olan İngiltərə millisinin qapıçısı Hanna Hampton isə ən yaxşı qadın qapçı seçildi. İngiltərə millisinin baş məşqçisi Sarina Viqman qadınlar arasında ilin ən yaxşı məşqçisi adını qazandı.

MƏNBƏ:TRT