TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan yeni ədliyyə və daxili işlər nazirləri təyin edib
İstanbul Respublika Baş prokuroru Akın Gürlek ədliyyə naziri, Ərzurum valisi Mustafa Çiftçi isə daxili işlər naziri vəzifəsinə gətirilib
Prezident R.T.Ərdoğan yeni ədliyyə və daxili işlər nazirləri təyin edib
Prezident R.T.Ərdoğan yeni ədliyyə və daxili işlər nazirləri təyin edib / TRT World
20 saat əvvəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamları ilə Türkiyə hökumətinin tərkibində yeni təyinatlar olub.

“Resmi Gazete”də dərc olunan sərəncama əsasən, İstanbul Respublika Baş prokuroru Akın Gürlek sabiq nazir Yılmaz Tunçun yerinə ədliyyə naziri, Ərzurum valisi Mustafa Çiftçi isə Əli Yerlikayanın yerinə daxili işlər naziri vəzifəsinə təyin edilib.

Təyinatlar Türkiyə Respublikası Konstitusiyasının 104 və 106-cı maddələrinə müvafiq qaydada həyata keçirilib.

Qərardan sonra Əli Yerlikaya daxili işlər naziri vəzifəsini Mustafa Çiftçiyə təhvil verdiyini təsdiqləyərək, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Ə.Yerlikaya sosial mediada paylaşdığı açıqlamada 2023-cü il iyunun 4-dən etibarən Prezident R.T.Ərdoğanın sərancamı ilə daxili işlər naziri kimi fəaliyyət göstərdiyini bildirib və vəzifədə olduğu müddətdə göstərdiyi dəstəyə görə Prezidentə təşəkkür edib.

O, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşlarına ictimai asayişin və təhlükəsizliyin təmin olunmasındakı xidmətlərinə görə təşəkkür edərək, mesajını yeni təyin olunan nazirə xoş arzularını çatdırmaqla yekunlaşdırıb.

Akın Gürlekin ədliyyə naziri təyin edilməsindən sonra Yılmaz Tunç da vida mesajı yayımlayıb.

Y.Tunç bildirib ki, Prezident R.T.Ərdoğanla birlikdə çalışmaq və hakim partiyanın siyasi fəaliyyətinə töhfə vermək qürurvericidir, 2023-cü ilin iyununda ədliyyə naziri vəzifəsinə təyin olunmasının isə mühüm məsuliyyət daşıdığını vurğulayıb.

Son 23 ildə ölkə rəhbəri R.T.Ərdoğanın liderliyi ilə demokratiyanın və hüququn aliliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlara diqqət çəkən Y.Tunç gələcəkdə də ölkə naminə fəaliyyətini davam etdirəcəyini bildirib, həmçinin A.Gürleki təbrik edərək yeni vəzifəsində uğurlar arzulayıb.

Qeyd edək ki, yeni təyinatlar “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib.

MƏNBƏ:TRT