İordan çayının qərb sahilində öldürülən Ayşənur Ezgi Eyginin həyatından bəhs edən sənədli film Vaşinqtonda nümayiş etdirilib.
"TRT World" telekanalı tərəfindən çəkilən “Zeytun ağacının altında” sənədli filminin nümayişi Eyginin İsrail qüvvələri tərəfindən öldürülməsindən bir il sonra həyat və irsini mövzu götürüb.
Türk əsilli amerikalı fəal Ayşənur Ezgi Eyginin həyat və irsini mövzu götürən sənədli film sentyabrın 16-da Vaşinqtonda nümayiş etdirilib. Eygi ötən il işğal altındakı İordan çayının qərb sahilində keçirilən etiraz aksiyası zamanı İsrail əsgəri tərəfindən öldürülüb.
“Zeytun ağacının altında” adlı sənədl film prodüser Zümrüt Sönməzin rəhbərliyi ilə TRT World tərəfindən hazırlanıb. “Busboys and Poets”dəki nümayişdən sonra Eyginin bacısı Özden Bennet, həyat yoldaşı Həmid Əli, sənədli film qrupu, fələstinli fəallar, İsrail qüvvələri və məskunlaşanlar tərəfindən öldürülən amerikalıların ailələri ilə panel təşkil edilib.
Vaşinqton ştatından olan 26 yaşlı türk əsilli amerikalı fəal Eygi 6 sentyabr 2024-cü il tarixində işğal olunmuş İordan çayının qərb sahilindəki Beyta qəsəbəsində qeyri-qanuni israilli məskunlaşanlara qarşı etiraz aksiyasında iştirak edərkən İsrail əsgəri tərəfindən başından vurulmuşdu. Eyginin ölümü Vaşinqtonda indiyə qədər təhqiqatın aparılmasına və məsuliyyət daşıyanların istintaqa cəlb olunmasına çağırışlara səbəb oldu. Ancaq Vaşinqton indiyədək bu istintaqı İsrailin üzərinə buraxıb.
Eyginin bacısı Bennet "Anadolu" agentliyinə açıqlamasında sənədli filmin Eyginin həyatını və prinsiplərini sədaqətlə əks etdirdiyini bildirib.
O deyib: "Sənədli film Ayşənurun kim olduğunu, necə bir şəxsiyyətə çevrildiyini və sonda onun ölümünə səbəb olan hadisələrdən bəhs edir. Sənədli filmə ilk dəfə baxan və Ayşəgülün hekayəsi ilə tanış olmayan biri üçün bu, çox qərəzsiz bir hekayədir”.
Bennet sentyabrın 16-da "Capitol Hill"də ABŞ qanunvericiləri və İsrail qüvvələri və ya köçkünlər tərəfindən öldürülən amerikalıların ailələri ilə mətbuat konfransında da iştirak edib. Eyginin bacısı qeyd edib ki, Konqres üzvləri ilə görüşlərdə çox az irəliləyiş əldə olunub.
Bennet "Onların hamısı çox dəstək olsalar da, biz hiss etdik ki, onların nəyə təkan verə və edə biləcəyinə dair məhdudiyyətlər var. Onlar Dövlət Departamentinə və Ədliyyə Departamentinə məktublar yazdılar... Lakin sorğularına və ya açıq araşdırma tələblərinə cavab almadılar" deyib.
Eyginin bacısı bildirib ki, son bir ildə ailə həm yas saxlayıb, həm də ədalət uğrunda mübarizə aparıb.
"Təəssüf ki, bacımın ölümündən sonra İordan çayının qərb sahilində İsrail ordusu tərəfindən öldürülən bir çox Amerika vətəndaşı olub və bu belə olmamalıdır", -deyə o qeyd edib.
"O, ədalətə dərindən sadiq idi"
Onun həyat yoldaşı Həmid Əli də Eyginin ruhu və ədalət hissi haqqında fikirlərini bölüşüb.
Həmid Əli ailə məclisi zamanı Eyginin dağ yamacında gəzəndə təhlükəsizliyi mövzusunda narahat olan anasına zarafat etdiyi xatirəsindən danışıb.
Həmid Əli "Onu təsvir edə biləcəyim ən yaxşı yol budur. O, şən, zarafatçıl, qeyri-ciddi bir insan idi, eyni zamanda, ədalətə tam sadiq idi... Özü üçün ədalətli ola bilməsi üçün başqaları üçün ədaləti müdafiə etməli idi.”
Şahidlik edən kimi sənədli film
Sənədli filmin müsahibə prodüseri Gülay Kaplan filmin Eyginin hekayəsini tarixə daşımaq məqsədi daşıdığını söyləyib.
G.Kaplan "Anadolu" agentliyinə müsahibəsində “Ayşənurun hekayəsini danışmaq və tarixə dəqiq yazmaq istədik. Onun hekayəsini paylaşaraq, Ayşənurun ilk olmadığını və təəssüf ki, sonuncu da olmayacağını göstərmək istədik. Onun ədalət axtarışına şahidlik etmək bizim üçün, onun vasitəsilə bütün fələstinlilər və canlarını fəda edənlər üçün çox vacib idi" deyib.
Paneldə fəal Mahmud Xəlil iştirak edir
Fələstinli fəal və Kolumbiya Universitetinin məzunu Mahmud Xəlil Fələstin tərəfdarı kampus fəallığına görə mart ayında ABŞ miqrasiya orqanları tərəfindən saxlanılıb. İyun ayında girov müqabilində sərbəst buraxılmadan əvvəl o, aylarla Luizianadakı Miqrasiya və Gömrük Mühafizəsi (ICE) müəssisəsində tutulub.
Xəlil "Bu hökumət və bütün əvvəlki hökumətlər bu cinayətlərin törədilməsində və ört-basdır etməkdə şərik olublar. Tələbə hərəkatının dəyişməyə çalışdığı budur... Ümid edirəm ki, onların fədakarlıqları puça çıxmaz" deyib.
Tədbir zamanı Bennet 2003-cü ildə İsrail buldozerinin Qəzzada fələstinlilərin evlərini sökməsinə mane olmaq istəyərkən öldürülən Reyçel Korrinin valideynləri Kreyq və Sindi Korrini də dəvət edib.
Eyginin bacısı da səhnəyə fələstinli amerikalı qurbanların ailələrini dəvət edib. İştirak edənlər arasında 2024-cü ilin yanvarında İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən öldürülən Tavfiq Ajaqin atası Hafiz Ajaq, iyul ayında israillilər tərəfindən öldürülən Seyfullah Saif Musalletin atası Kamel Musallet və hazırda İsraildə saxlanılan 16 yaşlı fələstinli amerikalı Məhəmməd İbrahimin əmisi Zeyad Kadur olub.
Panelə Konstitusiya Hüquqları Mərkəzinin siyasət üzrə direktor müavini və Eygi ailəsinin ədalət axtarışını dəstəkləyən hüquq qrupunun üzvü Bred Parker daxil də qatılıb.

















