SİYASƏT
2 dəqiqə oxuma
ABŞ-İran arasında müzakirə edilən sülh sazişinin maddələri məlum olub
Memorandumunun yekun layihəsi Hörmüz boğazının açılmasını və nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasını əhatə edir
ABŞ-İran arasında müzakirə edilən sülh sazişinin maddələri məlum olub
ABŞ-İran arasında müzakirə edilən sülh sazişinin maddələri məlum olub / TRT World

"Reuters" xəbər agentliyinin yaydığı məlumata görə, ABŞ ilə hazırlıq mərhələsində olan qarşılıqlı anlaşma memorandumunun yekun layihəsi genişmiqyaslı məsələləri əhatə edir. Bu barədə İranın yüksək vəzifəli rəsmisi agentliyə verdiyi bəyanatda bildirib. Onun sözlərinə görə, qeyd olunan memorandum layihəsinə Tehran rəhbərliyinin nüvə proqramından tutmuş Hörmüz boğazının yenidən açılması və ABŞ-nin neft sanksiyaları ilə bağlı tətbiq edəcəyi güzəştlərə qədər bir çox bənd daxildir.

Sözügedən rəsmi şəxs hər iki tərəfin anlaşma layihəsini təsdiqləyəcəyi təqdirdə, yekun sazişin 60 gün ərzində müzakirə ediləcəyini diqqətə çatdırıb.

Layihədə aşağıdakı maddələr yer alır:

Hörmüz boğazı

İran Hörmüz boğazını dərhal bütün kommersiya gəmilərinin keçidi üçün yenidən açacaq. ABŞ isə öz növbəsində İran limanlarına tətbiq etdiyi dəniz blokadasını qaldıracaq.

Maliyyə tədbirləri

ABŞ yekun razılıq əldə olunana qədər İrana qarşı yeni sanksiyalar tətbiq etməməyi öhdəsinə götürəcək.

Rəsmi Vaşington müəyyən bir müddət üçün İrana neft sanksiyalarından yayınma güzəşti tanıyacaq. Bununla da rəsmi Tehran neft sata biləcək və satışdan əldə olunan gəlirləri sərbəst şəkildə toplayacaq.

ABŞ həmçinin birbaşa nağd pul köçürmələri, region ölkələri arasındakı əməkdaşlıq və maliyyə kredit xətləri də daxil olmaqla, müxtəlif üsullarla İranın dondurulmuş 25 milyard dollarlıq vəsaitinin sərbəst buraxılmasına razılıq verəcək.

Nüvə məsələləri

Tehran hakimiyyəti nüvə silahı istehsal etməməyi və ya bu növ silahlara sahib olmamağı qəbul edəcək.

İran yekun saziş imzalanana qədər uranyumu zənginləşdirməmək və nüvə obyektlərini genişləndirməmək də daxil olmaqla, mövcud nüvə status-kvonunu qoruyub saxlayacaq.

ABŞ rəsmi Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uranyum ehtiyatını İran sərhədləri daxilində durulaşdırması şərtini qəbul edəcək. Bu prosesin hansı mexanizmlə həyata keçiriləcəyinə dair detallar isə 60 gün ərzində müzakirə olunacaq.

MƏNBƏ:TRT