ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması ilə bağlı mübahisənin "həll olunacağını" deyib.
Nyu-Yorkda çıxış edən Barrak ABŞ və Türkiyə komandalarının ikitərəfli və regional məsələlər üzərində "yorulmadan" çalışdıqlarını bildirərək münasibətləri "hər zamankından daha yaxın" kimi qiymətləndirib.
O bildirib ki, S-400 mübahisəsi CAATSA da daxil olmaqla ABŞ qanunvericiliyindən, eləcə də sistemin əməliyyat statusu və mülkiyyəti ilə bağlı tələblərdən mənbələnir.
Səfir Tom Barrak bu məsələnin müzakirə olunmağa davam etdiyini vurğulayaraq bunu "kritik problem deyil, münasibət məsələsi" adlandırıb.
“Müsbət nəticə”
Tom Barrak həmçinin Türkiyənin müdafiə sənayesinə diqqət çəkərək, ölkənin "S-400-dən asılı olmayan güclü müdafiə sənayesinə" sahib olduğunu bildirib.
ABŞ-Türkiyə münasibətlərinin daha geniş əhatə dairəsinə malik olduğunu vurğulayan Barrak müxtəlif ölkələrin məsələnin necə həll edilməsi ilə bağlı fərqli fikirlərə sahib olduğunu əlavə edib.
İkitərəfli münasibətlərə nikbinlik ifadə edən Tom Barrak iki ölkənin "müsbət nəticəyə" çatmaq üçün yollar müəyyənləşdirməli olduğunu bildirib.
Səfir ABŞ prezidenti Tramp və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətləri "çox güclü və qarşılıqlı qiymətləndirməyə əsaslanan" kimi xarakterizə edib.
T.Barrak əvvəllər Ərdoğan və Trampın danışıqlar çərçivəsində görüşəcəyini bildirmişdi.




















