Qarabağın işğaldan azad edilməsinin beşilliyi və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankarada rəsmi qəbul təşkil edilib.
Tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu və Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov iştirak ediblər.
Qəbulda çıxış edən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib:
“Türkiyə və Azərbaycan Silahlı Qüvvələri artıq sadəcə dost deyil, taleləri birləşmiş iki ordudur. Biz yaxşı bilirik ki, Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.”
Nazir Yaşar Gülər çıxışında Azərbaycan Ordusunun Qarabağdakı tarixi qələbəsinin beşinci ildönümü münasibətilə təşkil edilən qəbulda iştirak etməkdən böyük məmnuniyyət duyduğunu vurğulayıb.
O, qeyd edib ki, Azərbaycan Ordusu vətəni Qarabağı işğaldan azad etmək, illərlə davam edən zülmə və ədalətsizliyə son qoymaq üçün səfərbər olub və möhtəşəm bir mübarizə aparıb.
Yaşar Gülər həmçinin vurğulayıb ki, Qarabağda nümayiş etdirilən qətiyyət və əzmkarlıq Türkiyə tarixinin qızıl səhifələrinə həkk olunub.
“44 günlük mübarizənin nəticəsində əldə edilən böyük qələbə təkcə hərbi uğur deyil, həm də varlığını vətənə, bayrağa həsr etmiş bir millətin öz torpaqlarını azad etmək iradəsinin ən bariz təzahürüdür. Azərbaycanın şanlı üçrəngli bayrağı bu gün Qarabağda yenidən dalğalanır. Türkiyə olaraq biz əziz qardaşlarımızla birlikdə bu mübarək qələbənin qürurunu yaşamışıq və yaşamağa davam edirik’’,-deyә Türkiyәnin milli müdafiә naziri vurğulayıb.
Nazir Yaşar Gülər Türk xalqının Vətən Müharibəsinin hər anında dua və dəstəklə azərbaycanlı qardaşlarının yanında olduğunu vurğulayaraq deyib:
“O günlərdə biz bir daha həmişə vurğuladığımız bir həqiqəti yaşadıq – ‘iki dövlət, bir millət’ prinsipini. Azərbaycanın sevinci bizim sevincimiz, ağrısı isə bizim ağrımızdır. Vətənimizdə kök salmış böyük bir çinar ağacının iki budağı kimi, bayrağımız və müqəddəs dəyərlərimiz uğrunda hər cür fədakarlığa hazırıq’’.
Nazir Gülər həmçinin qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında müdafiə və təhlükəsizlik başda olmaqla, bütün sahələrdə nümunəvi əməkdaşlıq mövcuddur.
Türkiyə, hər zaman olduğu kimi, bu gün də, sabah da Azərbaycanın haqlı mübarizəsi, təhlükəsizliyi və rifahı naminə onun yanında olmağa davam edəcək. Bu anlayışla, indiyə qədər olduğu kimi, əməkdaşlığımızı daha da gücləndirməkdə qətiyyətliyik. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində atılan son addımları alqışlayırıq və bunu Qafqaz bölgəsində təhlükəsizliyin, sabitliyin və rifahın inkişafı üçün mühüm bir fürsət kimi qiymətləndiririk.
Səfir Rəşad Məmmədov isә öz növbәsindә bildirib ki, beş il əvvəl Azərbaycan xalqı öz torpaqlarında tarixi ədalətə nail olub və Şuşanı azad edib.
“Azərbaycan Prezidentinin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsi xalqımızın dəmir iradəsinin, ordumuzun qəhrəmanlığının və şəhidlərimizin müqəddəs qanının təzahürü idi,” – deyə Rəşad Məmmədov vurğulayıb.
Səfir qeyd edib ki, bu qələbənin hər anında Azərbaycan Türkiyənin mənəvi dəstəyini hiss edib. O, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibə dövründə Azərbaycana göstərdiyi dəstəyin “bir millətin digərinə uzatdığı əbədi qardaşlıq əlini” təmsil etdiyini bildirib.
Rəşad Məmmədov həmçinin Azərbaycan əsgərlərinin Türkiyədə keçdikləri təlimlərin orduya yeni ruh və güc qazandırdığını vurğulayıb.
“Türkiyə müdafiə sənayesi məhsullarının və Azərbaycan Ordusunun cəsarətinin birləşməsi, Türkiyə ilə Azərbaycanın texnoloji və strateji gücünü bütün dünyaya nümayiş etdirdi”, – deyə səfir qeyd edib.
O, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin iki ölkə arasında qardaşlıq münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə yüksəltdiyini xatırladaraq deyib:
“Biz artıq sadəcə dost və qardaş deyilik, biz müttəfiqik. Biz bir-birimizin təhlükəsizliyinə cavabdeh olan iki dövlətik’’.
Tədbirdə hәmçinin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici, Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Mustafa Elitaş, Türkiyə Böyük Millət Məclisinin Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, İYİ Partiyanın Adana üzrə millət vəkili Ayyüce Türkeş Taş, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Ankaradakı səfiri İsmət Korukoğlu, müxtəlif hərbi birliklərin komandirləri, eləcə də çoxsaylı diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
Qeyd edәk ki, Zəfər Gününün beşilliyi münasibətilə noyabrın 6-da Azәrbaycanın paytaxtı Bakı, elәcә dә Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.
Zəfər Günü münasibətilə keçirilən yürüşlərdə hərbi liseylərin kursantları və Qarabağ müharibəsi qaziləri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.









_1.jpg?width=512&format=webp&quality=80)










