Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin Xüsusi Nümayəndəsi Stiv Vitkoff Rusiyanın Sankt-Peterburq şəhərində bir araya gəliblər. Tərəflər Ukraynadakı müharibənin başa çatdırılmasına yönəlmiş həll yollarını müzakirə ediblər.
Görüşün mətbuata açıq hissəsində çıxış edən Vladimir Putin Donald Trampın Ukrayna böhranının həllinə göstərdiyi marağa görə təşəkkürünü bildirib. Rusiya rəhbəri amerikalı həmkarının bu məsələyə xüsusilə humanitar səbəblərdən önəm verdiyini vurğulayıb.
V.Putin Rusiyanın ABŞ ilə ikitərəfli münasibətlərin, xüsusilə də iqtisadi əməkdaşlığın bərpa olunmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Rusiya dövlət başçısı İrandakı proseslərlə bağlı ABŞ tərəfinin qiymətləndirmələrini öyrənmək istədiyini bildirib. O, ölkəsinin İranla onlarca ildir davam edən xüsusi münasibətlərə malik olduğunu və münaqişənin həllinə töhfə verməyə hazır olduğunu deyib.
Bu və digər beynəlxalq məsələlərin həll tələb etdiyini qeyd edən V.Putin ehtimal olunan görüşlərlə bağlı rəsmi Moskvanın da bölüşmək istədiyi mövqenin olduğunu ifadə edib.
Vladimir Putin Rusiyanın ABŞ-yə dizel yanacağı tədarükü ilə bağlı qərarından sonra dünya bazarlarında qiymətlərin 5-6 faiz gerilədiyini xatırladıb. O, ölkəsinin ABŞ-yə böyük həcmdə gübrə tədarük etməyə də hazır olduğunu bildirib.
S.Vitkoff V.Putinə Ukrayna ilə bağlı yeni sülh təklifləri təqdim edib
Stiv Vitkoff isə dünən Osloda Ukrayna və Avropa nümayəndələri ilə aparılan danışıqların konstruktiv keçdiyini və irəliləyiş əldə olunduğunu bildirib. O, Ukraynada atəşkəsə nail olunması üçün zəruri şəraitin yarandığını ifadə edib.
V.Putinə Ukraynadakı münaqişənin həllinə dair müxtəlif yanaşmaları ehtiva edən sənədlər gətirdiyini deyən S.Vitkoff: "Bu sənədləri daha sonra nəzərdən keçirməyinizi xahiş edirəm", — deyə əlavə edib.
ABŞ nümayəndəsi rəsmi Vaşinqtonun Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpa olunacağına ümid etdiyini bildirib. O, texniki mütəxəssislərin həll prosesinin təfərrüatlarını müzakirə edə biləcəyi görüşlərin yenidən başladılması imkanını dəyərləndirməyi V.Putindən xahiş edib.























